AZ

''Fənərbaxça'' axır ki, Talişkaya qovuşdu!

Qış transfer dönəmini fəal keçirən və artıq Dieqo Karlos ilə Milan Şkrinyar kimi təcrübəli müdafiəçiləri heyətinə qatan ''Fənərbaxça'' əsas ''bombanı'' yanvarın 27-də partlatdı.

''Football-plus.az'' xəbər verir ki, fanatların intizarına son qoyuldu və Anderson Talişka nəhayət ki, İstanbula gəldi!

''Fənər'' tanınmış braziliyalı futbolçu və onun klubu ''Əl-Nəssr'' ilə 1 aydan çoxdu ki, danışıqlar aparırdı. Bir ara danışıqlar dayanma nöqtəsinə çatmışdı. Çünki Talişkanın klubundan alacağı var idi və ''Əl-Nəssr'' bu pulu ödəmək istəmirdi. Uzun və ağır danışıqlar prosesi nəhayət, ötən həftəsonu yekunlaşdı.

2021-dən ''Əl-Nəssr''in şərəfini qoruyan 30 yaşlı futbolçu hələ cümə günü komanda yoldaşları ilə vidalaşdı. Maraqlıdı ki, son anda ''Qalatasaray'' da onunla anlaşmağa cəhd göstərdi. Amma ''sarı-qırmızılar'' onu əzəli rəqibdən oğurlaya bilmədilər. Talişka dünən axşam saatlarında xüsusi təyyarə ilə İstanbula gəldi. O, klub rəsmiləri və fanatlar tərəfindən təmtəraqla qarşılandı. ''Sambaçı'' elə hava limanındaca ''Fənərbaxça'' forması geyərək fanatlarla şəkillər çəkdirdi.

Yeri gəlmişkən, onun ''94'' nömrəli formanı geyməsi diqqət çəkdi. Talişka 1994-cü il təvəllüddü və böyük ehtimalla yeni klubunda da ''94'' nömrəli forma ilə çıxış edəcək. Anlaşmanın detallarından yalnız müqavilənin müddəti məlumdu. Tərəflərin ilyarımlıq müqavilə imzalayacağı gözlənilir. Digər detallar isə rəsmi açıqlamadan sonra bilinəcək.

Xatırladaq ki, Talişka daha öncə Türkiyədə ''Beşiktaş''ın şərəfini qoruyub və iki mövsüm (2016/17, 2017/18) ərzində 80 rəsmi oyuna çıxaraq 37 qol, 14 məhsuldar ötürməlik performans sərgiləyib. Fevralın 1-də 31 yaşı tamam olacaq Talişka Kriştiano Ronaldo ilə komanda yoldaşı olduğu ''Əl-Nəssr''də isə ümumilikdə 104 oyunda forma geyərək aktivinə 76 qol, 10 məhsuldar ötürmə yaza bildi.

İstanbul nəhənginin bu qış bu 3 keçiddən başqa hər hansı bir transfer rəsmiləşdirəcəyi gözlənilmir.

ƏLİ

Seçilən
9
football-plus.az

1Mənbələr