AZ

Azərbaycan və Ərəb ölkələri: əməkdaşlıq yeni səviyyələrə çatacaq

Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev yanvarın 26-da Qətər Dövlətində səfərdə olub.Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata görə, səfər çərçivəsində Azərbaycan XİN ilə Qətər Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 5-ci iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al Mureyxi rəhbərlik edib.

Bu görüş Ərəb dünyası ilə Azərbaycanın diplomatik münasibətlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Ərəb dövlətləri ilə əməkdaşlığı təkcə Qətər ilə deyil, ümumilikdə Körfəz ölkələri, həmçinin Şimali Afrika və Yaxın Şərq regionunu əhatə edir. Bu əlaqələr enerji, ticarət, investisiya və mədəniyyət sahələrində birgə layihələrin həyata keçirilməsini təşviq edir. Ərəb dünyası ilə yaxın münasibətlər Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsindəki mövqeyini möhkəmləndirməkdə də mühüm arol oynayır. Eyni zamanda, bu əməkdaşlıq regional təhlükəsizlik və qarşılıqlı dəstək sahəsində yeni imkanlar açır.

Bəs Ərəb dünyası ilə Azərbaycanın münasibətləri hansı səviyyədədir, gələcək perspektivlər nələrdir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Xəyal Bəşirov bildirib ki, Ərəb dünyası ilə Azərbaycanın münasibətləri son zamanlar, xüsusilə İkinci Qarabağ müharibəsinin yekunlaşmasından sonra müsbət tendensiya ilə irəliləyir:

"Ölkəmizin başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri, COP28 çərçivəsində Azərbaycanın bu mötəbər tədbirdə təmsil edilməsi Ərəb dünyası ilə münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini bir daha nümayiş etdirir. Bu səfər Azərbaycanın qlobal ekoloji problemlərə dair təşəbbüslərdə aktiv iştirakını və bu sahədə Ərəb ölkələri ilə əməkdaşlığın dərinləşdiyini göstərir. Xüsusilə, BƏƏ-nin COP28-in ev sahibi olması və növbəti COP29-un Azərbaycanda keçirilməsi iki ölkə arasında qarşılıqlı inam və dəstəyin səviyyəsini əks etdirir".

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Ərəb Dövlətləri Liqasının üzvü olmamasına baxmayaraq, təşkilatın iclasında fəxri qonaq qismində təmsil olunması diqqətəlayiq hadisə olduğunu deyən X.Bəşirov qeyd edib ki, prezident İlham Əliyevin bu tədbirdə iştirakı Azərbaycanın bölgədə və İslam dünyasında strateji mövqeyini daha da möhkəmləndirir:

"Bu çərçivədə Əlcəzairdə Fransa müstəmləkəsi qurbanlarının xatirəsinə həsr edilmiş muzeyin ziyarət edilməsi də mühüm rəmzi məna daşıyır. Belə bir addımın atılması Azərbaycanın ədalət və tarixi yaddaşa verdiyi önəmi vurğulamaqla yanaşı, Ərəb dünyası ilə tarixi və mədəni bağlılıqları gücləndirməyə yönəlib. Belə yüksək səviyyəli tədbirlər və qarşılıqlı səfərlər Azərbaycanın Ərəb ölkələri ilə strateji əməkdaşlığını dərinləşdirərək siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əlaqələrin inkişafına şərait yaradır".

Xəyal Bəşirov: Ərəb ölkələri ilə əməkdaşlıq yeni səviyyələrə çatacaq

Müsahibimizin fikrincə, ölkəmizin əhalisinin mütləq əksəriyyətinin İslam dininə etiqad etdiyini nəzərə aldıqda Ərəb ölkələri ilə Azərbaycanın diplomatik münasibətləri inkişaf etdirməsinin yerində addım olduğunu anlamaq olur:

"Biz müsəlman ölkəsiyik və bu ortaq dini-mədəni dəyərlər Azərbaycan ilə İslam dünyasına daxil olan dövlətlər arasındakı əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Həmin dövlətlərlə münasibətlərimizin uzlaşması, bu ortaq tarixi və mənəvi bağların təbii davamı kimi çox rahat şəkildə baş verir. Azərbaycan müsəlman dünyasının bir hissəsi olaraq, İslam həmrəyliyi ideyasını təşviq edir və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda fəal iştirak edir".

Onun sözlərinə görə, bu ölkələr də Cənubi Qafqaz regionunda strateji əməkdaşlıq perspektivlərini nəzərə alaraq Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır:

"Azərbaycanın iqtisadi, enerji, nəqliyyat və logistika sahələrində artan rolu, xüsusilə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında oynadığı mərkəzi mövqe, bu marağı daha da artırır. Bundan əlavə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müsəlman ölkələri ilə mədəniyyət, təhsil və humanitar sahələrdə qarşılıqlı əlaqələri inkişaf etdirmək istiqamətində mühüm addımlar atmışdır. İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın bu ölkələrdən əldə etdiyi siyasi dəstək də, münasibətlərin qarşılıqlı faydalı əməkdaşlıq əsaslarında qurulduğunu göstərir. Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın təşəbbüsləri regionun İslam dünyası ilə inteqrasiyasını daha da asanlaşdırır. Demək olar ki, müsəlman dövlətləri ilə əlaqələr yalnız tarixi və mədəni bağlılıqlara deyil, həm də qarşılıqlı maraqlar və strateji hədəflər üzərində qurulub".

Son olaraq həmsöhbətimiz Azərbaycanın müsəlman ölkəsi olaraq Ərəb dövlətləri ilə ortaq dini və mədəni dəyərlərə əsaslanan əlaqələrini davamlı şəkildə inkişaf etdirdiyini vurğulayıb:

"Bu münasibətlər həm tarixi bağları möhkəmləndirir, həm də qarşılıqlı maraqlara əsaslanan strateji əməkdaşlığı təşviq edir. Azərbaycanın Cənubi Qafqazda oynadığı mühüm rol və müsəlman dünyası ilə inteqrasiya istiqamətində atdığı addımlar ölkəmizin beynəlxalq arenada mövqeyini daha da gücləndirir. Azərbaycanın müsəlman ölkəsi olaraq Ərəb dövlətləri ilə münasibətləri regional sabitlik və təhlükəsizlik üçün də mühüm töhfə verir. İslam dünyası ilə mövcud əməkdaşlıq çərçivəsində iqtisadi, enerji və mədəni sahələrdə birgə layihələr həyata keçirilir. Ərəb dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünə verdiyi davamlı dəstək bu münasibətlərin qarşılıqlı etimada əsaslandığını göstərir. Bundan əlavə, Azərbaycan beynəlxalq təşkilatlarda müsəlman dünyasının maraqlarını müdafiə edərək bu ölkələrlə həmrəyliyini gücləndirir. Gələcəkdə də bu əməkdaşlığın yeni səviyyələrə çatacağı və tərəflərin qarşılıqlı maraqlarını təmin edəcəyi gözlənilir".

Əli Hüseynov

Seçilən
14
bakivaxti.az

1Mənbələr