AZ

Bir zamanların turizm cənnəti – Nabran tarixə qovuşur?

Xaçmaz rayonunda yerləşən Nabran qəsəbəsi uzun illər istər yerli, istərsə də xarici vətəndaşların istirahət üçün üz tutduğu əvəzsiz məkanlardan biri olub. Yaşıl təbiətlə mavi dənizin vəhdət təşkil etdiyi Nabranda yay aylarında boş ev, yaxud otel otağı tapmaq demək olar ki, müşkülə çevrilirdi. Lakin son zamanlar Nabranda istirahət üçün nəzərdə tutulan evlərin kütləvi satışı müşahidə olunur. 

Yenisabah.az sözügedən tendensiyanı araşdırıb. 

Bir çoxunun fikrincə, Nabran qəsəbəsi maddi imkan yüksək olan vətəndaşlar və tanınmışlar üçün artıq elə də “elitar” yer sayılmır. Əksər turizm şirkəti Nabrana artıq, əvvəlki kimi, turların intensiv şəkildə baş tutmadığını etiraf edir. 

Qəsəbədə əvvəllər 200-250 min manata təklif olunan villa tipli əmlakın hazırki qiyməti 100-150 min manat arasında dəyişir. Yay aylarında intensiv tələb görən günlük evlərin və otel otaqlarının qiymətlərində də ciddi ucuzlaşma özünü göstərməkdədir. 

Başlıca faktor isə işğaldan azad edilmiş ərazilərdə həyatın canlanmasından sonra yerli və xarici turistlərin Qarabağ bölgəsinə, xüsusən də Şuşaya daha çox maraq göstərməsidir. Digər tərəfdən, dəniz turizmi baxımından “Sea Breeze” artıq Nabranı üstələməkdədir. Vətəndaşların bir çoxu uzaq məsafə qət edib Nabrana getməkdənsə, paytaxtın bir addımlığında yerləşən “Sea Breeze”ə üz tutur. 

Yan faktorlar arasında yerli vətəndaşların artıq istirahət məqsədi ilə xarici ölkələrə daha çox üz tutması da yer alır. Bütün bu nüansları nəzərə alsaq, bir vaxtların “turizm cənnəti” hesab edilən Nabranın tədricən öz əvvəlki mahiyyətini itirəcəyini demək olar.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr