AZ

Gənclər və şirkətlər kəllə-kəlləyə - Anlaşılmazlığın səbəbi nədir?

Şirkətlərin bir çoxu yeni məzun olmuş və staj məqsədi ilə onlara üz tutan gənclərin iş tələblərindən olduqca narazıdır. Onların fikrincə, gənclər artıq ofis şəraitində müəyyən vaxt çərçivəsində işləmək yerinə, onlayn fəaliyyətə daha çox meyillidirlər. Hətta gənclərin bəziləri artıq peşə seçərkən həmin sahənin onlayn iş rejiminə uyğun olub-olmamasını araşdırır. Bu isə işəgötürən və namizəd arasında bir sıra anlaşılmazlıqlara səbəb olur.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan insan resursları üzrə mütəxəssis Cabir Süleymanlı bildirib ki, bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur:

“Dünyada iş qrafikləri və formaları ilə bağlı dəyişikliklər çoxdur. Təəssüf ki, Azərbaycanda sahibkarlar, işə götürənlər bir az keçmişdə qalıb. Yəni yeniliklərlə ayaqlaşa bilmirlər. Sahibklar daha çox işçinin işdə olma saatlarına fokslanır. Doğrudur, ola bilsin bəzi peşələrdə bu lazım olsun.

Əgər şəxs birbaşa iş yerində olmalıdırsa, bu, başqa məsələ. Amma işçinin performansını işdə olma saatı ilə ölçmə səhvdir. Hər gün səhər 9-dan axşam 6-ya kimi işləyən işçilər var ki, rəhbərlik heç onların faydalı iş əmsalını ölçmür.

Dünyada artıq belə bir tendensiya var ki, onlayn iş forması daha çox fayda verir. Pandemiya sonrası bu növ işlərin sayı artıb. Bəzi şirkətlər sürətli şəkildə buna keçid etdilər. Belə olduqda onlar daha çox produktivlik əldə etməyə başladılar”.

Cabir Süleymanlı qeyd edib ki, zamanla bir çox ixtisaslar onlayn formata inteqrasiya olunacaq:

“Məsələn, dizayn və IT sahəsində çalışan şəxslər xarakter olaraq tək işləməyə daha çox meyillidirlər. Onlar təkbaşına işləyəndə daha keyiyyətli və effektiv nəticələr əldə edirlər. Bu tip sahələrdə 9/6 iş rejiminin tətbiqinə elə də ehtiyac yoxdur. Əgər dizeynerə, yaxud IT mütəxəssisə verdiyin tapşırığı vaxtında və keyfiyyətli formada əldə edə bilirsənsə, onlara onlayn işləmə şəraiti yaratmaq olar.

Müasir dövrün gətirdiyi yeniliklər və gənclərin iş prinsipləri ilə əlaqədar zamanla sahibkarlar, bir növ, işçilərin tələblərinə qarşı yumşalacaqlar”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
13
yenisabah.az

1Mənbələr