AZ

“Turan Tovuz”un futbolçusu: "İnanıram ki, mövsümün sonunda medalçılar sırasında olacağıq"

“Komandamız üçün çox vacib matç idi. Ürəklə oynadıq. Bütün oyunçularımız yaxşı mübarizə apardılar. Nəticəyə görə çox xoşbəxtəm”.

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Aleks Souza Misli Premyer Liqasının XX turunda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Onun sözlərinə görə, qələbədə yüksəksəviyyəli hazırlıq, məsuliyyət və nizam-intizam böyük rol oynayıb: “Təbii ki, “Qarabağ” çempionatın ən güclü klublarından biridir. Möhtəşəm işlər görürlər və keyfiyyətli futbolçulardan ibarət heyəti var. Biz də belə kollektivlə qarşılaşmaya ciddi hazırlaşmışdıq. Oyunda baş məşqçimiz Kurban Berdiyevin verdiyi təlimatları yerinə yetirdik. Növbəti oyunlarda da özümüzü yaxşı tərəfdən göstərmək istəyirik”.

Braziliyalı hücumçu bildirib ki, bu qalibiyyət gələcək görüşlərdə komandanın motivasiyasını artıracaq: “Növbəti turda Tovuzda “Səbail”lə qarşılaşacağıq. Ev matçları bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Azarkeşlərimiz bizdən yaxşı nəticələr gözləyirlər. Doğma meydanda uduzmamaq üçün sonadək mübarizə aparacaq, vuruşacağıq. Mən bu matçda da komandama xeyir vermək üçün əlimdən gələni edəcəyəm”.

Souza mövsümün sonunda medalçılar sırasında olacaqlarına inandığını söyləyib: “Hazırda bunun üçün çalışırıq. Demək olar ki, hər gün məşq edirik. Burada olmaqdan çox xoşbəxtəm”.

Qeyd edək ki, “Turan Tovuz” turnir cədvəlində 35 xalla dördüncü sırada qərarlaşıb. İlk pillədə isə 50 xalla “Qarabağ” yer alıb.

İdman.biz

Seçilən
10
idman.biz

1Mənbələr