AZ

“Bədəninə tok veriblər, qaraciyərini təpikləyib partladıblar”

Bakı sakininin boynuna işgəncə yoluyla narkotik qoyulduğu iddia olunur

"Cinsiyyət orqanına və bədəninin başqa yerlərini toka veriblər, o qədər təpikləyiblər ki, qaraciyəri sıradan çıxıb. Kürdəxanıya aparılandan sonra gedib gördüm, dəhşətə gəldim, alnı partlamış vəziyyətdə idi, başı şişmişdi, dizlərinə o qədər çəkiclə vurublar ki, diz qapaqları gömgöy idi. Başını suya salıb boğublar”.

Bunu Meydan TV-yə barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsiylə (külli miqdarda narkotik maddənin dövriyyəsi) Bakı İstintaq Təcridxanasında saxlanlan Elmar Kərimovun həyat yoldaşı Rövşanə Kərimova danışır.

"Bütün bunlardan keçən yoldaşımı hədələyiblər ki, gedib taksi sürücüsü işləyən qardaşını da gətirib bu vəziyyətə salacağıq. Yalnız ondan sonra məcbur qalıb sənədə qol çəkmişdi. Bununla da boynuna 4 qram yarım metanfetamin qoyub Kürdəxanıdakı İstintaq Təcridxanasına göndəriblər”, – deyə o bildirib.

Onun sözlərinə görə, hazırda Elmar Kərimov həbsxanada aclıq aksiyası keçirir və vəziyyəti ürəkaçan deyil.

"Sələmçinin arxasında vəzifəli şəxslər dayanır”

Rövşanə Kərimova danışır ki, bir müddət əvvəl həyat yoldaşı Elmar Kərimov qohumu olan bir qadından sələmə 3500 manat götürüb. Bir müddət faiz ödəyib, ancaq sonra xahiş edib ki, faiz ödənişləri dayandırılsın, o, götürdüyü məbləği toplayıb ödəniş edərək borcu bağlasın. Sələmçi  razılaşmayıb. 

Sələm ödəyə-ödəyə götürdüyü pulun bir qismini də qaytarıb. Yerdə qalan qismini gecikdirdiyi üçün sələmçi ondan Nizami Rayon Polis İdarəsinə şikayət ərizəsi verib. Daha sonra nələr olub, – Rövşanə Kərimova danışır: "3500 manatdan 2000 manat ödəmişdik, 1500 manat qalmışdı. Sələm olaraq isə borcun məbləğindən iki dəfə çox pul getmişdi bizdən. Məsələ təkcə pul deyildi. Sələmçi qadınla həyat yoldaşım arasında bir yaxınlıq yarandığını hiss etmişdim. Bir gün də yoldaşıma yazdığı mesajları gördüm, tələb edirdi ki, yoldaşım onun ərini döydürsün. Artıq gecələr də yoldaşıma zəng edirdi, yazırdı. Yoldaşımın ona borcu vardı deyə, çıxılmaz durumda qalmışdı. Tez-tez də eşitdirirdi ki, "istədiyim vaxt istədiyim adamı "bandotdelə” apartdırmaq mənimçün beş dəqiqəlik işdir”, "mənim adamlarım var” və sair. Həqiqətən də, sələmə verdiyi pullar özünün deyil. Arxasında Fövqəladə Hallar Nazirliyində, başqa qurumlarda işləyən vəzifəli şəxslər dayanır. Sadəcə, adlarını açıq şəkildə çəkə bilmirəm. Qadın da həmin vəzifəli şəxslərə arxayındır”.

"Aclıq elan edib, vəziyyəti yaxşı deyil”

Yoldaşının dediyinə görə, Nizami Rayon Polis İdarəsində barəsində cinayət işi başlanmasın deyə həyat yoldaşından rüşvət alınıb: "Müstəntiq dedi, ya dələduzluq maddəsiylə səni Kürdəxanıya göndərirəm, ya da pul gətir. Yoldaşım məcbur olub gedib başqa bir yerdən 6-7 min manatadək borca düşdü, gətirib müstəntiqə verdi. Müstəntiq də guya arada barışıq elədi, qadınla əlbir idilər, qadın şikayət ərizəsini geri götürdü. Biz də fikirləşdik ki, hər şey geridə qaldı. Qadın deyirdi, o 1500 manatın üstünı də faiz gəlir. Bizi elə duruma salmışdı ki… Bilmirdik müstəntiqə verdiyimiz pulu sahibinə qaytaraq, yoxsa bu qadının pullarını ödəyək”.

O bildirib ki, noyabrın 29-da Elmar Kərimov 20 Yanvar metrostansiyası ətrafında saxlanılaraq DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb, işgəncəyə məruz qalıb.

Növbəti gün məhkəmə qarşısına çıxarılıb, barəsində həbs qətimkan tədbiri seçilib və Bakı İstintaq Təcridxanasına göndərilib.

O, həyat yoldaşının 20 gündür ki, aclıq elan etdiyini deyir: "Həyat yoldaşım şərlənib, onun narkotiklə heç bir əlaqəsi yoxdur. Olsaydı, o qədər işgəncəyə məruz qalmazdı. Elə deyərdi ki, mənimdir. Yoldaşımın vəziyyəti ağırdır, artıq telefon zənginə də gəlməyə taqəti qalmayıb”.

Rövşanə Kərimova Baş prokurora, Ombudsmana, Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib, ancaq heç birindən ona cavab verilməyib.



Seçilən
13
arqument.az

1Mənbələr