“Barselona”nın danimarkalı mərkəz müdafiəçisi Andreas Kristensen yenidən zədə alıb və bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Kristensen məşq çalışmaları zamanı sağ ayağının yastı əzələsini zədələyib. İlkin təxminlər danimarkalı futbolçunun üç həfətlik müddətə sıradan çıxdığını deyir.
Xatırladaq ki, buna qədər Kristensen beş ay müddətində müvafiq zədəsinin müalicəsi ilə məşğul idi. Futbolçu yenicə sıraya qayıtmışdı.
Andreas Kristensen futbola “Skyal Birkeröd” klubunda qədəm qoyub, ardınca “Brondbü” və “Çelsi”də çıxış edərək, böyük futbolda “zadəganlar”la debüt edib. Bir müddət Mönhenqladbax “Borussiya”sında icarə əsasında çıxış etmiş Kristenseni “Barselona” 2022-ci ilin iyul ayında “Çelsi”dən azad agent qismində “baluqrana”nın düşərgəsinə qatıb.
Kataloniya klubunun danimarkalı futbolçu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kristensen “blauqrana” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 1 oyun keçirib, cəmi 26 dəqiqə meydanda olub.
Kristensenin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi 75 oyun, 4 qol və 3 məhsuldar ötürmədən ibarətdir.
Müdafiəçi “Barselona” ilə bir dəfə İspaniya çempionu (2022/2023) olub, bir dəfə İspaniya Super Kubokunu (2022/2023) qazanıb. 2023-cü ildə Danimarkada ilin ən yaxşı futbolçusu seçilmiş Andreas “Çelsi”nin heyətində də bir neçə titul qazanıb.
Andreas Kristensen 2015-ci ilin iyun ayında debüt etdiyi Danimarka yığmasının heyətində 74 oyuna çıxıb, 3 qol vurub.
“Transfermarkt” internet-portalı 28 yaşlı danimarkalı mərkəz müdafiəçisi Andres Kristensenin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.