“Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı zamanı deyib.
“Mənə verilən məlumata görə, nazirlik tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, yeni terminal kompleksi Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa edilsin. Mən də öz dəstəyimi verdim.
İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik. Nəzərə alsaq ki, hazırda Ələtdə böyük yük terminalı inşa edilir, onun yük qəbuletmə imkanları 1 milyon ton olacaq. Yəni, təsəvvür etmək çətin deyil ki, biz nəqliyyatın, sadəcə olaraq, bu istiqaməti üzrə hansı işləri görürük”, - deyə dövlət başçısı əlavə edib.