Bunu erməni türkoloq Ruben Melkonyan deyib. Onun sözlərinə görə, hazırkı hökumət sözügedən şərtlərin icrasına başlayıb.
"Ruben Melkonyandan başqa erməni müxalifəti də bunu iddia edir. Paşinyana qarşı təzyiq vasitəsi kimi bundan istifadə etmək istəyirlər. Ermənistanın hazırkı hökumətinin bu tələbləri qarşıladığını görmürük. Bunlar haqlı tələblərdir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib:
"Uzun illərdir Türkiyəyə qarşı əsassız şəkildə qondarma erməni soyqırımı ilə bağlı iddialar səsləndirilir və beynəlxalq aləmdə bunun təbliğatı aparılır. Türkiyəyə təzyiq vasitəsi kimi bu məsələdən istifadə edilməsi aktualdır. Hətta digər ölkələrdə buna çox sərt reaksiyalar göstərilir. Məsələn, Fransada erməni soyqırımını - baş verməyən bir hadisəni inkar etməyin üstündə həbs cəzası var, həmin şəxs məsuliyyətə cəlb edilir. Qərb ölkələri də bundan geniş şəkildə istifadə edirlər və bu, yolverilməz hadisədir. Bundan əvvəl Türkiyə rəsmiləri bildirmişdi ki, bu iddiaları araşdırmaq üçün ortaq tarixi komissiyanın qurulmasına ehtiyac var. Bunu təklif etmişdilər, ancaq Ermənistan təbii ki, bunu qəbul etmir, çünki ortada hadisə yoxdur. İkinci bir məsələ də Ağrı dağının Ermənistanın simvolu kimi tanınmasından imtinadır. Bu da mühüm əhəmiyyət daşıyan məsələdir. Əgər iki ölkənin arasındakı münasibətlər nizamlanacaqsa, əlbəttə, Türkiyənin ərazisində olan dağın digər ölkənin simvolu kimi göstərilməsi yolverilməzdir. Bu, təbii olaraq öz həllini tapmalıdır, yoxsa iki ölkə arasında münasibətlər normallaşmayacaq. Üçüncü, Azərbaycanın israrla tələb etdiyi məsələ Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını özündə ehtiva edən həmin maddələrin dəyişdirilməsi məsələsidir. O maddələr dəyişdirilməsə, münasibətlərdə hansısa istiləşmədən söhbət gedə bilməz. Hazırda Paşinyan hökumətinin əsas istəyi Türkiyə ilə münasibətlərin normallaşmasıdır. Çünki Ermənistanın iqtisadi cəhətdən çox çətinə düşüb. Rusiya ilə münasibətlərdə gərginləşmə var. Avropa Birliyinə üzvlüklə bağlı Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxarılması var. Yaxın üfüqdə Avropa Birliyinə üzvlük məsələsi də görünmür. Həmçinin Donald Trampın prezident seçilməsindən sonra Amerika Birləşmiş Ştatlarının da Ermənistana maliyyə yardımlarının kəsilməsi söhbəti var. Bütün bunların fonunda Ermənistan regional əməkdaşlığı genişləndirmək məcburiyyətində qalır. Ancaq çarəsi budur ki, Azərbaycan və Türkiyənin tələblərini qəbul edərək iki ölkə ilə münasibətləri normallaşdırsın".