Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun erməni katolik icmasının rəhbəri Vardan Kazancyanı qəbul edib.
Bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Görüşün təfərrüatı barədə məlumat verilməyib.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a bildirib ki, Ərdoğan Türkiyədə çox az sayda üzvü olan Katolik kilsəsinin başçısı Vardan Kazancyan ilə hava limanında bir görüş keçirib:
"Bu, bir nəzakət görüşüdür və çox təfərrüat bildirmək mümkün deyil. Ümumiyyətlə Türkiyədə Katolik ermənilərinin sayı olduqca azdır. Buna görə də bu icmanın xarici və ya beynəlxalq problemləri barədə danışmaq mümkün olmur. Bəlkə də Katolik icmasının daxili məsələləri barədə bir müzakirə olub. Digər tərəfdən görüşdə Azərbaycan barədə danışıla bilməz. Çünki bu, diplomatik ənənələrə ziddir. Həmçinin Türkiyə, Ermənistan və Azərbaycan arasında üçlü bir barış, Cənubi Qafqazda ən ədalətli və davamlı barış yolu hesab edilir. Ermənistan, Türkiyə ilə Azərbaycan arasında problem yaratmaq məqsədilə Çar Rusiyası tərəfindən qurulub və Sovet İttifaqı dövründə də davam edib. İndi isə bu problem həlli mərhələsinə gəlib. Rəsmi Ankara yalnız Türkiyə-Ermənistan münasibətləri deyil, Türkiyə-Azərbaycan-Ermənistan üçlü münasibətlərini quraraq Cənubi Qafqazda davamlı bir barış təmin etmək istəyir".