Tbilisi, 28 yanvar, AZƏRTAC
Marneulidə uşaq və yeniyetmələr arasında şahmat üzrə “Marneuli kuboku” keçirilib.
AZƏRTAC xəbər verir ki, “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə keçirilən yarışda 41 nəfər uşaq və yeniyetmə iştirak edib.
Beş turdan ibarət olan yarışda 8-10 yaş kateqoriyasında Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin yetirməsi Ümid Əliyev 5 xal toplayaraq birinci yerin sahibi olub.
Marneuli rayonunun Sadaxlı kənd 1 saylı ictimai məktəbinin şagirdi Əli Bayramov 4 balla ikinci, Timur Kələyev isə 4 xalla üçüncü pilləni tutub.
On və daha yuxarı yaşlı şahmatçılar arasında Əli Əliyev 5 xalla birinci, hərəyə 4 xal toplayan Rafael Bayramov və Onur Əsgərov isə müvafiq olaraq, iki və üçüncü yerləri tutublar.
Qaliblərə kubok, diplom və medallar təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi