Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Möhyəddin Orucovun işi üzrə növbəti iclas keçirilib. Fəalın saxlanılmasında iştirak etmiş polis şahid qismində çıxış edib.
Sonra müdafiə tərəfinin vəsatətilə saxlanılmadan əvvəl Orucovun göndərdiyi 6 saniyəlik videoya baxılıb. Video kəsilib, ancaq Orucov qeydi dostuna göndərə bilib. Video sübut edir ki, Orucov istintaqın bildirdiyi kimi, göstərilən yerdən 3 kilometr məsafədə 42 saylı məktəbin yaxınlığında yox, işlədiyi müəssisənin yanında saxlanılıb.
Sonra müdafiə tərəfi 4 əlavə şahidin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb. Ancaq məhkəmə onlardan yalnız birini- müəssisənin işçisini dəvət etməyə razılaşıb.
Növbəti məhkəmə iclası fevralın 4-nə təyin edilib.
* Orucov 13 dekabr 2023-cü ildə külli miqdarda narkotik maddə alveri ittihamı (Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) ilə həbs edilib Bundan əvvəl, 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilmişdi.
Azad edildikdən sonra Orucov bildirib ki, onun həbsinin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsidir. O həmçinin polisdə döyülməyə və qeyri-insani rəftara məruz qaldığından şikayət edib. Möhyəddin Orucov hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. Həbs edildikdən sonra qiyabi olaraq alternativ "İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasına tərəfdar olub.