"İki gündür təlim-məşq toplanışındayıq. Əsasən taktiki planda məşqlər keçirik. Uşaqlar çalışır ki, deyilənləri meydanda tətbiq etsinlər".
İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Vitali Borisov deyib.
Gənc mütəxəssis Avropa çempionatının əsas mərhələsi çərçivəsində Xorvatiya yığması ilə keçiriləcək komandanın hazırlığını dəyərləndirib: “Hazırlığa 3-ü qapıçı olmaqla 15 futzalçı dəvət etmişik. İlkin siyahı ilə müqayisədə Seymur Məmmədov zədəli olduğuna görə komandadan kənarda qalıb. Murad Quluzadə də həmin səbəbdən bizimlə deyil. Seymurun əvəzinə heyətə İlham Alıyevi dəvət etmişik. Kənan Manafov da bir müddət idi zədədən əziyyət çəkirdi. Ona görə İsveçlə görüşü buraxmışdı. İndi komandaya kömək edəcək vəziyyətdədir".
Vitali Borisov güclü rəqiblə səfər matçında uğurlu nəticə qazanmaq arzusunda olduqlarını vurğulayıb: "Xorvatiya sayılıb-seçilən rəqiblərdəndir. Onlar daim Avropa və dünya çempionatlarının final mərhələsində iştirak edirlər. Əlbəttə, səfərə xal və ya xallar qazanmaq üçün yollanacağıq. Hər bir görüş bizim üçün vacibdir. Daha sonra Bakıda Yunanıstanla üz-üzə gələcəyik. Hələ ki, yanvarın 31-dəki matçı düşünürük".
Azərbaycan yığmasının baş məşqçisi U-19 millisinin Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanması da münasibət bildirib: "Gənclərimiz yaxşı mübarizə apardılar. Bu komandanı daim izləyirik. Perspektiv vəd edən və potensiallı futzalçılar var. Gələcəkdə onları da A milli komandaya dəvət edəcəyik”.
Qeyd edək ki, millimiz sabah Xorvatiyaya yola düşəcək.
İdman.biz