Çinlə Ermənistan arasındakı hərbi əməkdaşlıq razılaşması əsasında İrəvana silah satışı genişlənir
Çin Xalq Respublikasının Ermənistandakı müvəqqəti işlər vəkili Çen Minq deyib ki, ötən ilin 11 ayı ərzində Çin və Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 2,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38% çoxdur.
Bu göstəriciyə görə Çin, Rusiya və Avropa İttifaqından sonra, Ermənistanın üçüncü ticarət partnyorudur. Ticarət dövriyyəsinin əsas hissəsini Çindən Ermənistana idxalat təşkil edir. Ermənistanın Çinə ixracatını mis konsentratı təşkil edir.
Çinlə Ermənistan arasında birbaşa nəqliyyat əlaqəsi olmadığına görə bu iki ölkə arasında ticarət dövriyyəsinin bu cür sürətlə genişlənməsi təəccüb doğura bilər. Amma nəzərə almaq lazımdır ki, Çinlə Ermənistan arasında Avrasiya İqtisadi İttfaqı çərçivəsində geniş əlaqələr mövcuddur. Bu iqtisadi əlaqələr Rusiyanın vasitəçiliyi ilə həyata keçirilir. Amma təbii ki, burada Çinın də iqtisadi maraqları mövcuddur.
Xatırladaq ki, hələ 2017-ci ilin avqust ayında İrəvanda yeni Çin səfirliyi binasının təməlqoyma mərasimi keçirilib. İrəvanda səfirlik üçün 40 hektarlıq sahə ayrılıb. Bu, Çin Xalq Respublikasının Avrasiya məkanında Rusiyadan sonra ikinci ən iri səfirlik binasıdır. Hazırda İrəvandakı möhtəşəm Çin səfirliyində minlərlə əməkdaş çalışır. Həmin ilin altı ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi təxminən 35 faiz artaraq 243,1 milyon dollara çatmışdı.
Ötən ilin ilk beş ayında Çin və Ermənistan arasında ticarət dövriyyəsi 1,2 milyard dollar təşkil edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 54 faiz artım deməkdir ki, bu da rekorddur.
Çinin Ermənistandakı müvəqqəti işlər vəkili qeyd edib ki, Çin tərəfi Ermənistanın İctimai Televiziyasının yenidən təchiz edilməsinə də kömək edir, o, Şimal-Cənub dəhlizinin tikintisi və günəş stansiyasının qurulması layihəsində də iştirak edir.
Onun sözlərinə görə, əməkdaşlığın dərinləşdirilməsi üçün perspektivli sahələr informasiya texnologiyaları, süni intellekt, yeni enerji mənbələri, tibb, rəqəmsal iqtisadiyyat və infrastrukturdur.
Minq Çen qeyd edib ki, son illər Ermənistanda Çin dilinə maraq artıb. Bir çox gənc dil öyrənir, təhsil və işləmək üçün Çinə gedir. Öz növbəsində Ermənistanda Çindən gələn turistlərin sayı artır. Çinlilər bu ölkənin mədəniyyəti və adət-ənənələri ilə daha yaxından tanış olurlar.
Qeyd edək ki, 2023-cü ildə Çindən Ermənistana 20 min turist gəlib.
Çin Ermənistana Rusiya və Gürcüstan üzərindən intensiv yükdaşımalar həyata keçirir. Lakin yükdaşımaların böyük əksəriyyəti avioreyslərlə həyata keçirilir.
Məlum olduğu kimi, Çin üçün iqtisadiyyat siyasətdən daha önəmlidir. Ona görə də Çin iqtisadi əlaqələrin şaxələndirilməsində daha çox maraqlıdır. Bu baxımdan Çin mallarının Yaxın Şərqə və Avropaya axınının artırılmasını təşkil etmək, eyni zamanda, kiçik olsa da Ermənistan bazarını fəth etmək məqsədi ilə Pekin İrəvanla iqtusadi əlaqələrini gücləndirməkdə maraqlıdır. Çin Ermənistandan tranzit kimi istifadə edərək Şərqdən Qərbə məhsul axınını daha da gücləndirmək istəyir. Bu yolda Çin Ermənistanın maraqlarından da istifadə edir. Hazırda Ermənistan çox ciddi şəkildə silahlanmaya maraqlıdır. Bu baxımdan Çin Ermənistan üçün maraq doğurur. Xüsusilə də bu iki ölkə arasında hərbi əməkdaşlığa dair razılaşma var.
Xatırladaq ki, hələ 2017-ci ilin aprel ayında Çinin yüksək vəzifəli hərbçisi, kontr-admiral Guan Yufey İrəvanda Ermənistanın ovaxtkı müdafiə naziri Vigen Sarkisyan və keçmiş baş qərargah rəisi, ordu generalı Movses Hakobyan arasında danışıqlardan sonra Ermənistan Müdafiə Nazirliyi "əməkdaşlığın genişləndirilməsi və müdafiə sahəsində bir sıra qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi haqqında razılığa" nail olunduğunu bəyan edib. Hazırda Çinlə Ermənistan arasında hərbi əməkdaslıq sazişi hələ də qüvvədədir. Çox güman ki, bu razılaşma əsasında Çindən Ermənistana hərbi texnika və silah-sursat da idxal edilir.
Yada salaq ki, 44 günlük müharibədə döyüş bölgələrdindən gələn xəbərlərə görə, Azərbaycan ordusunun məhv etdiyi hərbi texnika içərisində Çin istehsalı olan silahlar da var idi. Ermənistan Çindən aldığı hərbi texnikanı işğal altındakı torpaqlarımızda yerləşdiribmiş.
Çindən Ermənistana gələn yüklərin əksəriyyətinin hava nəqliyyatı ilə daşınması da bu istiqanətdə olan şübhələri doğruldan faktorlardandır.
Beləliklə, Çin-Ermənistan ticarət dövriyyəsinin sürətlə artmasının əsas hərəkətverici-stinullaşdırıcı amilləri Pekinin ixracatının şaxəlendirilməsi, İrəvanın isə müasir silahlarla silahlanması istəyidir.
Akif NƏSİRLİ