AZ

ABŞ-ın yeni dövlət katibi də Ermənistanla “ləyaqətli sülhdən” danışır- eynilə Blinken kimi...

Image

Məhəmməd Əsədullazadə: “Rubionun “ləyaqətli sülh” ifadəsi işlətməsi əsla təsadüfi deyil”

ABŞ dövlət katibi Marko Rubio və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat yerləşdirilib. 

Bildirilir ki, yanvarın 22-də olan telefon danışığında Marko Rubio ABŞ-Türkiyə münasibətlərinin əhəmiyyətini, Türkiyənin NATO-nun əsas müttəfiqi kimi rolunu və regionda ortaq maraqların olduğunu qeyd edib. Dövlət Departamentinin yaydığı məlumatda bildirilir ki, tərəflər Ermənistan və Azərbaycan arasında “davamlı və ləyaqətli” sülhün təmin olunmasının vacibliyini müzakirə ediblər. Müzakirənin təfərrüatları açıqlanmayıb.

Adətən “ləyaqətli” sülhün təmin olunması ifadəsi ermənipərəst Bayden administrasiyasına məxsus idi. Blinkenin dönəmində Dövlət Departamentin açıqlamalarında bu ifadə daha çox ermənilərin maraqlarına uyğun işlədilirdi. Rubio “ləyaqətli” sülh deyərkən, əcəba, o da mı bu mövqedən çıxış edir? Məgər sülhün ləyaqətlisi və yaxud da ləyaqətsizi olur?

“Birləşmiş Ştatların milli maraqları nəyi tələb edirsə, Dövlət Departamenti də ona uyğun siyasət yeritmək zorundadır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ-ın yeni dövlət katibinin belə mövqedən çıxış etməsi bir sıra məqamlardan xəbər verir: “Hakan Fidan Rubio ilə bu məsələni müzakirə edərkən bir növ ABŞ-a mesaj verir ki, proses Türkiyənin nəzarətindədir. O baxımdan sülhün əldə edilməsində konkret olaraq Vaşinqton Ankara ilə məsləhətləşməlidir. Rubionun “ləyaqətli sülh” ifadəsi işlətməsi əsla təsadüfi deyil. Biz nəzərə almalıyıq ki, yeni dövlət katibi erməni lobbisi ilə çox yaxın münasibətlərə malikdir. Dəfələrlə Konqresdə Qarabağ separatçılarının mənafelərinə uyğun təşəbbüslərlə çıxış edib. Ancaq onun dövlət katibi olması o demək deyil ki, Birləşmiş Ştatlar məhz Ermənistanın mənafeyindən çıxış edərək siyasət yeridəcək. Mən belə hesab etmirəm. Ən azından ona görə ki, ABŞ-ın dövlət maraqları hər şeydən öndə gəlir. Birləşmiş Ştatların milli maraqları nəyi tələb edirsə, Dövlət Departamenti də ona uyğun siyasət yeritmək zorundadır. Üstəlik, Demokratlardan fərqli olaraq, hakimiyyətdə Respublikaçılar Partiyasıdır. Bütün bunlarla yanaşı, Türkiyə imkan verməz ki, ABŞ-dakı yeni hakimiyyət məhz Ermənistanın maraqlarından çıxış etsin. Türkiyə çalışacaq ki, məsələ beynəlxalq hüquq çərçivəsində həll edilsin. Onu da nəzərə almaq lazımdır ki, prezident Donald Tramp da regionda Türkiyənin mövqeyinə xüsusi önəm verir. O baxımdan hesab edirəm ki, ABŞ-ın Ermənistan-Azərbaycan siyasətində Türkiyə korrektələr etməyə çalışacaq. Ankara imkan verməyəcək ki, Vaşinqton Cənubi Qafqazda Azərbaycana yönəlik ədalətsiz mövqe sərgiləsin. Ona görə də Türkiyə ABŞ-a çox ciddi mesaj verir ki, ədalətli olmaq, proseslərə beynəlxalq hüquq çərçivəsində yanaşmaq lazımdır”.

Vidadi ORDAHALLI





Seçilən
22
50
baki-xeber.com

10Mənbələr