AZ

AŞPA Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin müvəqqəti təsdiq edilməsini təklif edib

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin müəyyən qeyd-şərtlərlə müvəqqəti təsdiq edilməsini təklif edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, komitə “dialoqu davam etdirməyə hazırlıq əlaməti olaraq" assambleyanın 2025-ci ilin aprel sessiyasında yenidən baxılanadək Gürcüstan hakimiyyətinin bir sıra şərtləri dərhal yerinə yetirməsi şərti ilə cari sessiyada Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməsini təklif edib.

“Monitorinq komitəsi hesab edir ki, 26 oktyabr 2024-cü il parlament seçkilərindən sonra baş verənlər, o cümlədən sərbəst toplaşmaq və ifadə azadlığının pozulması, müxalifətə və vətəndaş cəmiyyətinə qarşı repressiyalar Gürcüstanın üzvlük öhdəliklərinə və Avropa Şurasına üzvlük şərtlərinə ziddir. Buna görə də, komitə hakimiyyət orqanlarından demokratik geriləməni dayandıracağına və üzvlük öhdəliklərini yerinə yetirməyə həqiqətən sadiq olduqlarına dair aydın təminat almaq istəyir. Bununla belə, Komitə hesab edir ki, dialoqu davam etdirməyə hazır olmasının əlaməti olaraq, assambleya 2025-ci ilin aprel sessiyasında yenidən baxılanadək Gürcüstan hakimiyyətinin bir sıra şərtləri dərhal yerinə yetirməsi şərti ilə bu sessiyada Gürcüstanın nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməlidir".

Bəyanatda qeyd edilib ki, Gürcüstan hakimiyyəti son parlament seçkiləri zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqları dərhal aradan qaldırmalı, qarşıdakı aylarda yeni demokratik seçkilərin keçirilməsinə şərait yaradacaq seçki mühiti yaratmalı, polis zorakılığını və insan hüquqlarının pozulmasını dərhal dayandırmalı və bu kimi halları effektiv şəkildə araşdırmalı, nümayişçilərə, jurnalistlərə və siyasi liderlərə qarşı hədə-qorxu gəlmək və qisas almaq vasitəsi kimi qanuni təqiblərdən sui-istifadəni dayandırmalıdır. Komitə həmçinin Gürcüstan hakimiyyətindən ifadə və sərbəst toplaşmaq azadlığını tam qorumasını, 2025-ci ilin aprel sessiyasına qədər bütün siyasi məhbusları azad etməsini tələb edib.

Bununla yanaşı, bəyanatda qeyd edilib ki, komitə polis zorakılığını və bu vaxtadək həll edilməyən digər insan haqları pozuntularını qınamasının əlaməti olaraq Gürcüstan nümayəndə heyətinin bir sıra hüquqlarının dayandırılması qərarı qəbul edir.

Seçilən
2
1
apa.az

2Mənbələr