ABŞ prezidenti Donald Tramp tərəfindən dəstəklənən enerji investisiya planlarının həyata keçirilməsi 2030-cu ilə qədər ABŞ-nin maye qaz (LNG) hasil etmək və ixrac etmək qabiliyyətini üç dəfə artıra bilər.
APA xəbər verir ki, Yaponiyanın aparıcı iqtisadi qəzeti olan Nikkei Yaponiya Enerji İqtisadiyyatı İnstitutunun hesablamalarına istinadən yazır ki, nəticədə bu məhsulun bazarındakı vəziyyət beş ildən sonra kökündən dəyişə bilər.
Nəşr xatırladıb ki, Tramp ABŞ-nin əvvəlki administrasiyasının LNG istehsalı üçün yeni icazələrin verilməsinə qoyduğu məhdudiyyətləri ləğv edib.
Ölkənin əvvəlki administrasiyasının mövqeyinə görə 2024-cü ildə bu sahədə bir dənə də olsun yeni layihə qeydə alınmayıb.
Yaponiya Enerji İqtisadiyyatı İnstitutunun hesablamalarına görə, böyük investisiya layihələri həyata keçirilərsə, ABŞ-da illik LNG istehsalı 123 milyon ton arta bilər.