Rusiyanın cənubundakı hava limanları tezliklə açıla bilər. Şirkətlər artıq işçi axtarışına başlayıb. Rusiya mediası altı hava limanında 150-dən çox yeni vakansiyanın açıldığını bildirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Krasnodar, Soçi və Anapa hava limanlarının idarə edilməsi ilə məşğul olan “Aerodinamika” şirkətində 119 vakansiya elan edilib.
“Şirkətdə sərnişinlərə xidmət qrupunun rəhbəri, videomüşahidə operatoru və hərəkət qabiliyyəti məhdud olan sərnişinlər üçün müşayiətçi axtarırlar. Anapada dispetçer axtarılır, Simferopol aeroportu baxış inspektoru, kinoloq, yükdaşıyan və xüsusi texnika üçün sürücü kimi mütəxəssislər üçün vakansiya elan edib. Gelencik dispetçer, yanğınsöndürən maşın sürücüsü və inspektor götürməyə hazırdır”, - məlumatda qeyd olunub.
Rusiyanın “Avia.ru” saytının baş redaktoru Roman Qusarov vakansiya elanının aeroportların açılması ilə bağlı olduğunu təkzib edib.
“Hələlik hərbi əməliyyat zonasına yaxın ərazidə yerləşən hava limanlarının açıq olacağını söyləmək tezdir. Hava nəqliyyatı üçün təhlükə zonası təkcə bu hava limanları ilə məhdudlaşmır, o, demək olar ki, Volqaya, bütün Volqaboyuna və Urala qədər genişlənib. Bu hava limanlarının fəaliyyət göstərənlər siyahısına qaytarılması yalnız bu hava məkanlarında mülki təyyarələr üçün bütün təhlükələr aradan qaldırıldıqda baş verəcək. Hərbi əməliyyatlar dayandırılmayana, sülh sazişi, ya da bu ərazilərə qarşı təhlükələri aradan qaldıran hər hansı digər format olana qədər bu hava limanları fəaliyyətini bərpa edə bilməyəcək”, - Qusarov bildirib.
Qeyd edək ki, Rusiyanın Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanları müharibə səbəbindən bağlanılıb.