Şəki-Zaqatala bölgəsi, 29 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Yanvarın 29-da respublikamızın hər yerində olduğu kimi, Şəki-Zaqatala bölgəsi rayonlarında da bələdiyyə seçkilərinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saat 8:00-dan etibarən bölgəyə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən 8 seçki dairəsinin 439 seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb.
Dairə seçki komissiyalarından verilən məlumata görə, bu seçki dairələri üzrə adları seçici siyahılarına daxil edilən seçicilərin ümumi sayı 425 min 379 nəfərdir. Onlardan 2 min 219 nəfəri seçkilərdə ilk dəfə səs verir. Yaşı 100-dən yuxarı olan seçicilərin sayı isə 10 nəfərdir. Seçkilərdə bu rayonlar üzrə 73 bələdiyyəyə 823 nəfər üzv seçiləcək. Mübarizə aparan namizədlərin ümumi sayı isə 1711 nəfərdir. Bələdiyyə üzvlüyünə namizədlərin 876 nəfəri YAP və digər siyasi partiyaları təmsil edir. 835 nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb.
Səsvermənin şəffaf və demokratik keçməsi üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə, o cümlədən etibarlı rabitə sistemi və elektrik generatorları ilə təmin olunub, 77 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu dairələr üzrə seçkilərin gedişini 5 min 396 nəfər yerli müşahidəçi izləyir.
113 saylı Qax-Şəki seçki dairəsinin seçki məntəqələrində də bələdiyyə seçkiləri seçicilərin fəallığı şəraitində keçir. Səsvermə hüququ olan vətəndaşlar səhər saatlarından etibarən seçki məntəqələrinə gəlir, vətəndaşlıq borclarını yerinə yetirərək seçimlərini edirlər.
AZƏRTAC-ın bölgə müxbiri dairənin 2 saylı seçki məntəqəsində səsvermə prosesinin gedişini izləyib. Qax şəhər 2 nömrəli məktəb-liseydə yerləşən seçki məntəqəsində səsvermə prosesini müxtəlif siyasi partiyaları və ictimai birlikləri təmsil edən yerli müşahidəçilər izləyirlər. Səsvermənin gedişi, eyni zamanda, veb-kamera vasitəsilə də müşahidə olunur.
Məntəqə seçki komissiyasının sədri Abdulla Orucovun məlumatına görə, məntəqə üzrə 1113 seçici qeydə alınıb.
İlk olaraq Qax şəhər sakini, 86 yaşlı ağsaqqal Fikrət Adaşov seçki bülletenini götürüb, seçimini edərək bülleteni seçki qutusuna atıb. Seçkidə iştirak etməkdən qürur hissi keçirdiyini vurğulayan ağsaqqal AZƏRTAC-a deyib: “Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkiyə də böyük həvəslə gəldim. Seçki məntəqəsində məni çox yaxşı qarşıladılar. Seçki bülletenində olan namizədlərin adlarını diqqətlə oxudum. Ən layiqli namizədlərə, şəhərimizin, yaşadığım məhəllənin inkişafını təmin edə biləcək insanlara səs verdim”.
113 saylı Qax-Şəki seçki dairəsinin tərkibinə daxil olan 73 seçki məntəqəsinin 60-ı Qaxda, 13-ü isə Şəki rayonunda yerləşir. Səsvermənin gedişini izləmək üçün 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 54 min 673 seçici qeydə alınıb. Onlardan 324 nəfəri bu seçkilərdə ilk dəfə səs verir. Seçicilərin 860 nəfəri 80-100 yaş arasındadır. Seçkilərdə bu dairə üzrə 10 bələdiyyəyə 110 nəfər bələdiyyə üzvü seçiləcək. Bu bələdiyyələrin 8-i Qax, 2-si isə Şəki rayonunun ərazisində fəaliyyət göstərəcək. Mübarizə aparan namizədlərin sayı isə 260 nəfərdir.
Qeyd edək ki, ölkə üzrə 08:00-da başlayan səsvermə prosesi saat 19:00-da başa çatacaq. Səsvermə 118 seçki dairəsinin 5846 seçki məntəqəsində keçirilir. 16 min 92 namizədin mübarizə apardığı səsvermədə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək. Səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir. Seçkiləri izləmək üçün 70 min 625 yerli müşahidəçi qeydiyyatdan keçib.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı media subyektlərində dərc olunub və MSK-nın internet səhifəsində yerləşdirilib.
Azərbaycanda mövcud olan 125 dairədən 7-si işğaldan azad edilmiş ərazilərdə yerləşdiyi üçün bu proseslərdə iştirak etmir. Ümumilikdə həmin dairələrdən başqa digər 4 dairədə də keçmiş məcburi köçkün vətəndaşlar var.