AZ

Xeyrəddin Qoca 75

TƏBRİK

Hörmətli, Xeyrəddin Qoca!

Sizi-tanınmış yazıçı-dramaturqu, publisist və satiriki, ictimai xadimi 75 yaşınızın tamam olması münasibətilə təbrik edirik!

Siz 29 yanvar 1950-ci ildə Azərbaycan Respublikası Ağdaş rayonunun Qülbəndə kəndində müəllim ailəsində anadan olmusunuz.

1967-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstituna  qəbul olunmuş, 1971-ci ildə Ali məktəbi bitirmisiniz.

 1975-77-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil almısınız.

55 il əvvəl- ötən əsrin 60-cı illərinin sonlarında ilk dəfə “Kirpi” jurnalında dərc olunmuş “Hədiyyə” adlı satirik hekayənizlə oxucuların görüşünə gəlmisiniz. Sonralar Azərbaycan mətbuat orqanlarında, xüsusilə “Ədəbiyyat və İncəsənət” (indiki “Ədəbiyyat qəzeti”) qəzetində müntəzəm olaraq hekayələriniz, bədii yazılarınız dərc olunmağa başlanmışdır. Siz əlinizə qələm alandan bəri cəmiyyətdəki neqativ halları ifşa edən kitablar çap etdirmiş, səhnə əsərləri yaratmısınız.

Ordu sıralarında xidməti borcunuzu yerinə yetirdikdən sonra (1971) əmək fəaliyyətinə başlamış, 1971-ci ildən 1997-ci ilə qədər müxtəlif qəzet, jurnal redaksiyalarında işləmisiniz.

Sizin jurnalistikanın müxtəlif janrlarında minlərlə yazınız Azərbaycanda və xaricdə çıxan yüzdən çox müxtəlif adda qəzet və jurnallarda dərc edilmişdir. Televiziya və radio efirlərində saysız  verilişləriniz, süjet və çıxışlarınız səslənmişdir. Səs yazılarınızın bir qismi, video-lentlərə yazılmış tamaşalarınız  Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivində, qəzet və jurnallarda dərc olunan məqalələriniz və kitablarınız S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət İncəsənət və Ədəbiyyat arxivində, son yaradıcılıq məhsullarınız  isə şəxsi arxivinizdə saxlanır.

“Filaknəslər” (1995), “Hərə öz payını götürsün...” (1998), “Marallar” (2000), Türkiyədə nəşr olunmuş “Bu dünyadan məktublar...” (2002), “Gərək yazam...” (2003), “Hərənin öz payı...” (iki hissəli satirik komediya) (2003), “Pyeslər” (2004), “Bu da belə həyatdır...” (2008), “Biz bizə bənzərik...” (2010), “Həyati proseslərin axarında” (2013),  “Yazdıqlarım... Yazılanlar...” (2018) və başqa kitabların müəllifisiniz.

Siz böyük Türk satiriki Əziz Nesinin bir sıra əsərlərini dilimizə çevirmisiniz.

Azərbaycan Milli Akademik Dram Teatrında “Hərənin öz payı...” adlı satirik komediyanız tamaşaya qoyulmuşdur (2002). “Qonşulaşma, qohumlaşma, kirvələşmə” adlı komediyanız  Azərbaycan Dövlət Televiziyasında ekran həyatı tapmışdır (2004). “Düzü-düz, əyrini-əyri” (2006), “Bu bizim zamanədir” (2007), “Toy olacaq...” (2008) adlı pyesləriniz Azərbaycan Milli Radiosunun tamaşaları kimi efirdə səslənmişdir.  Bakıda Heydər Əliyev Sarayında “Bilirəm, səsim xoşunuza gəlməyəcək...” adlı  musiqili satira gecəsi keçirmisiniz (avqust 2003). C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında “Vəzifə dəlisi” (2014), Mingəçevir Dövlət Teatrında “Molla Nəsrəddin” (2003) adlı pyesi tamaşaya qoyulmuşdur.

Həyat və yaradıcılığınıza həsr olunmuş “Xeyrəddin Qoca” (foto-kitab) (2000), “Ömür belə keçir...” (2004), “Xeyrəddin Qocanın gülüşü” (2007 və 2015), “Həyati proseslərin axarında...”  (2013) adlı kitablar nəşr olunmuşdur. İctimai Televiziya haqqınızda “Ömür belə keçir...” (2009) adlı film, Yeni Az Tv 75 illiyinizə həsr edilmiş “Həyatın axarında” (2025) filmi çəkmişdir.

Azərbaycan Jurnalistlər Birliyi (1979) və Azərbaycan Yazıçılar Birliyinin (1996) üzvüsünüz.

Siz ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak edirsiniz. Azərbaycanın ağır dövründə məşhur “91-lər”dən biri kimi siyasi mübarizəyə qoşulmusunuz. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının təşəkkül tapmasında sizin xidmətləriniz olmuşdur.

1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmisiniz.

1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsində işləmisiniz. Sizə 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsi verilmişdir.

Mədəniyyət və incəsənət sahələrində böyük xidmətlərinizə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülmüsünüz  (2007-ci il).

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (18 noyabr 2017-ci il), “Şöhrət” ordeni  (30 yanvar 2020-ci il) və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalı ilə təltif eilmisiniz.

Bir sıra ədəbi mükafatlar almısınız.

Hörmətli, Xeyrəddin müəllim!

Sizi 75 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, sizə uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Azərbaycan Yazıçılar Birliyi

Seçilən
4
yeniazerbaycan.com

1Mənbələr