AZ

Həsənquliyevə siyasi mühitdə hörmət gətirən keyfiyyəti...

Bu gün Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin 60 yaşı tamam olur.

Ölkənin tanınmış ictimai-siyasi xadimləri onu yubiley münasibətilə təbrik ediblər.

Axar.az təbrikləri təqdim edir:

Milli Məclis sədrinin müavini Musa Qasımlı:

“Qüdrət müəllim Həsənquliyevi hər şeydən əvvəl 60 yaşı münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, şəxsi və ictimai-siyasi həyatında uğurlar arzulayıram. Qüdrət müəllimi deputat olmamışdan öncə tanıyıram, ona görə də ilk növbədə insan kimi onun bəzi xüsusiyyətlərini söyləmək istəyirəm. Qüdrət müəllim səmimidir, bütün müzakirələrə açıq insandır və ünsiyyətcil bir şəxsdir. Onun xarakterində dürüstlük var. Dürüstlük ilk növbədə ailədən gələn xüsusiyyətdir. Bu xüsusiyyət və aldığı təhsil onun bütün fəaliyyətinə təsir göstərir.

Qüdrət müəllim haqqında ikinci növbədə mən bir deputat kimi bir neçə söz söyləmək istəyirəm. 2010-cu ildə mən deputat seçiləndən sonra Qüdrət müəllimlə Milli Məclisdə həmişə yanaşı əyləşmişik. Müşahidə etdiyim başlıca keyfiyyət nə olub? Qüdrət müəllim heç bir zaman Milli Məclisdə populist çıxışlar etməyib, məsələnin mahiyyəti üzrə danışıb, həmişə qurucu, birləşdirici olmağa çalışıb. Onun fikirləri daim millətimizin və dövlətimizin daha güclü olmasına yönəlib. Peşəsi hüquqşünas olduğundan bir çox hüquqi məsələləri mən zamanında Qüdrət müəllimdən soruşmuşam.

O, eyni zamanda, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədridir. Partiya sədri kimi o, Azərbaycanda siyasi partiya mədəniyyətinin formalaşmasında özünəməxsus rol oynayıb və indi də oynayır. Onun ümummilli və hər hansı digər bir məsələlərdə mövqeyi hər zaman açıq olub.

Mən bir daha dəyərli Qüdrət müəllim Həsənquliyevi ürəkdən təbrik edirəm, Ona şəxsi və ictimai-siyasi həyatında uğurlar, möhkəm cansağlığı arzulayıram. Neçə gözəl illərə...”

Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc:

“Qüdrət Həsənquliyev Azərbaycan siyasətində xüsusi yeri olan, milli idealları prinsipiallıqla müdafiə edən dəyərli dövlət adamıdır. Doğrudur, o, hakimiyyətin qanunvericilik orqanında təmsil olunur, partiya rəhbəridir, fərqli ideoloji dəyərləri bölüşür. Lakin müstəqillikdən sonra xalqımızın üzləşdiyi çətin sınaqlar, dərin böhranlar və uğurlu salnamələr dövründə göstərdiyi qətiyyətli mövqe, ardıcıl xətt belə şəxsiyyətləri idarəetmə məsuliyyəti daşıyan insanlarla bir kateqoriyada görməyə imkan verir.

Gənc yaşlarından siyasi mübarizənin önündə gedən aktiv tələbələrdən biri kimi Qüdrət Həsənquliyevin cəsarəti, qorxmazlığı onun gələcəyini müəyyənləşdirən və taleyində əvəzsiz rol oynayan tarixi hadisələrin iştirakçısına çevirib. Azərbaycanın xilaskarı ulu öndər Heydər Əliyevlə görüşü, milli liderimizin yüksək insani qayğıkeşliyi milyonlarla azərbaycanlı kimi onun da həyatında, dünyagörüşündə silinməz izlər buraxıb, seçdiyi yola və əqidəyə əbədi olaraq bağlayıb.

Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində parlaq Qələbəyə gələn yolu özünün strateji duyumu və analitik bacarığı ilə görən insanlardan biri də Qüdrət Həsənquliyevdir. O, müxalifətçiliyi düşmənçiliyə çevirən qüvvələrə qarşı mübarizədə tərəddüd göstərməyib, açıq fikri və prinsipiallığı ilə fərqlənib, siyasi barışa və milli həmrəyliyə hər zaman xidmət edən kurs seçib.

Partiya rəhbəri kimi onun fəaliyyəti, ətrafına toplanan çoxminli əqidədaşları ilə birlikdə iştirak etdiyi mühüm siyasi kampaniyalar zamanı da aydın baxışları, qabaqcıl proqramları ilə Azərbaycanın inkişafına və uğurlu gələcəyinə xidmət edib. Heç şübhə yoxdur ki, parlaq Qarabağ qələbəmizdən sonra yeni milli ideya axtarışlarında olan cəmiyyətimizə ədalətin Zəfər çalması yolunun təklif edilməsi də gələcək birliyimizin güclənməsi, dünyada hörmət və nüfuzu ilə seçilən qalib xalq statusunun qorunub saxlanılmasına yönəlib.

Qüdrət Həsənquliyevi yubileyi münasibətilə təbrik edərkən, onun salnaməyə çevrilən mənalı ömrünün hələ uzun illər Azərbaycana yorulmadan xidmət edəcəyinə dərin inamımı ifadə edir, şəxsinə ən xoş arzularımı bildirir, ailə xoşbəxtliyi və milli səadət arzulayıram.

Siyasi uzunömürlülük xalq və dövlət naminə fiziki ömrü də qorumağı tələb edir.

Qalib yüz ilimizə doğru gedərkən, sağlıqlı Bir Əsrlik Yaşın zirvəsində şəxsini görmək diləyilə...

Dərin hörmətlə, Zahid Oruc”.

Böyük Quruluş Partiyasının (BQP) rəhbəri, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa:

“Qüdrət Həsənquliyev Azərbaycan siyasətində öz dəst-xətti olan insanlardan biridir. O, uzun illər həm partiya rəhbəri, həm də Parlament üzvü kimi ən aktiv fəaliyyət göstərən, həmişə öz üslubu, sözü, özünün məsələlərə fərqli baxışı ilə seçilən siyasətçidir. Qüdrət Həsənquliyev hər zaman Azərbaycan dövlətinin maraqlarını və hüquqlarını bütün platformalarda qorumağa yönələn fəaliyyəti ilə seçilir. Xüsusilə NATO Parlament Assambleyasında çıxışları hər zaman bu məkanda Azərbaycanın xarici qurumlarla münasibətlərinin tənzimlənməsi, beynəlxalq platformada Azərbaycanın mövqeyinin daha dolğun şəkildə çatdırılması istiqamətində onun böyük işlər gördüyünü göstərir.

Digər tərəfdən Qüdrət Həsənquliyev həm də uzun illər siyasi təcrübənin daşıyıcısı olaraq, ölkənin inkişaf tendensiyasını dəqiq müəyyən edən bir anlayışa sahibdir. O, hələ tələbəlik illərindən xalq hərəkatına qoşulub, bu hərəkatda ən aktiv rol alıb. Eləcə də o, universitetdə təhsil aldığı illərdə həm fəal tələbə, həm də savadlı və peşəkar hüquqşünas kimi diqqəti cəlb edib. Onun həm hüquqi təcrübəsi, hüquq-mühafizə orqanlarında çalışması, həm siyasətçi kimi parlament təcrübəsi onu bir çoxlarından fərqləndirir və hər zaman öz mövqeyi ilə seçilməsinə imkan yaradır.

Bu yubiley həqiqətən də bütün dostları sevindirən bir hadisədir. Yubiley həm də bir hesabat hadisəsidir. Hesab edirəm ki, Qüdrət Həsənquliyev öz xalqı, dövləti, ailəsi, yaxınları qarşısında hər zaman qürurla hesabat verməyə imkanı çatan və bu hesabatın içini dərin məzmunla doldura biləcək bir şəxsiyyətdir. Mən ona birinci növbədə cansağlığı, ikinci növbədə isə Azərbaycanın, xalqımızın, millətimizin inkişafı naminə gördüyü faydalı işlərin davamını arzulayıram. Qüdrət Həsənquliyev əvvəl Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini kimi ən aktiv millət vəkili idi. İndi də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini kimi çox ciddi, geniş, çoxşaxəli fəaliyyət göstərir. Ümid edirəm ki, onun bu fəaliyyəti Azərbaycan cəmiyyətində həmişə olduğu kimi bundan sonra da yüksək dəyərləndiriləcək.

O, bir neçə dəfə prezident seçkilərində namizəd olaraq iştirak edib. O zaman da həmişə obyektiv və cəmiyyət həyatının bütün tərəflərini əks etdirən, bir çox hallarda da cəsarətli tənqidi mövqeyi ilə seçilən çıxışlar ortaya qoyub. Bu baxımdan razılaşan da, razılaşmayan da onun prinsipial mövqeyini etiraf etməli olur və bu, özü də insanın həm də öz platformasında nə qədər prinsipial və davamlı bir siyasət anlayışına sahib olduğunu göstərir”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə:

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət bəy Həsənquliyevə!

Hörmətli Qüdrət bəy!

Sizi 60 illik yubiley yaşınız münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, şəxsi həyatınızda və siyasi fəaliyyətinizdə bundan sonra da davamlı uğurlar arzulayıram!

Siz, hələ ötən əsrin səksəninci illərinin sonlarında vüsət alan Milli Azadlıq Hərəkatının ön cərgələrində olmusunuz. Azərbaycanın müstəqilliyi yolunda göstərdiyiniz ictimai-siyasi fəaliyyətiniz və daima sərgilədiyiniz fəal vətəndaş mövqeyiniz olduqca təqdirəlayiq, həm də qürurvericidir.

Dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində, ölkəmizdə sivil dəyərlərin bərqərar olmasında, milli maraqların müdafiəsində danılmaz xidmətlərinizin olması ilə yanaşı, uzun illər ərzində siyasi partiya rəhbəri və Milli Məclisin üzvü olaraq göstərdiyiniz fəaliyyətiniz də Azərbaycanın bütövləşməsi və dünyanın qabaqcıl inkişaf etmiş dövlətinə çevrilməsi, doğma vətənimizdə güclü iqtisadi dayaqlara söykənən modern idarəçiliyin qurulmasına xidmət edib.

Qürurvericidir ki, bu gün də dövlətimizə və xalqımıza yorulmadan, şərəflə xidmət göstərməkdəsiniz. İnanıram ki, bundan sonra da böyük uğurlar və zəfərlər uğrunda mübarizənizi davam etdirəcəksiniz.

Hörmətli Qüdrət bəy!

Sizi bir daha təbrik edir, saрlam uzun ömür yaşamağı diləyirəm! Arzu edirəm ki, hər zaman gənc nəslə örnək olacaq fəaliyyətiniz və uğurlarınız davamlı olsun!”

Böyük Azərbaycan Partiyasının (BAP) sədri, millət vəkili Elşad Musayev:

“Qüdrət Həsənquliyev Milli Azadlıq Hərəkatında iştirak etmiş bizim dəyərli dostumuzdur. Ondan sonrakı müddətdə də ölkənin milli demokratik düşərgəsinin layiqli təmsilçisi kimi hər zaman Azərbaycanın, dövlətçiliyimizin, millətimizin mənafeyini müdafiə etmiş siyasi xadim, partiya sədridir. O, uzun müddətdir siyasi partiyaya rəhbərlik edir. Əvvəlki dövrdə istər dövlət orqanlarında çalışanda, istər siyasi fəaliyyətlə məşğul olanda Qüdrət Həsənquliyev daim milli dövlətçilik mövqeyindən çıxış edib. Xeyli müddətdir ki, o həm də Azərbaycan Parlamentinin üzvüdür. O, parlamentdə ləyaqətlə, savadla, qabiliyyətlə bizim milli demokratik düşərgəni təmsil edir. Qüdrət Həsənquliyevin həm də bir neçə dəfə Azərbaycan Respublikası prezidentliyinə namizədliyi olub. 60 yaş müdriklik yaşıdır və bu yaşın tamam olması münasibətilə dostum Qüdrət Həsənquliyevi ürəkdən təbrik edirəm. Ona şəxsi həyatında, siyasi fəaliyyətində uğurlar arzulayıram. Doğum gününüz mübarək, əziz dost!”

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı:

“İlk növbədə Qüdrət bəyi yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Ona şəxsi həyatında və siyasi fəaliyyətində uğurlar diləyirəm. Arzum budur ki, nəvələrinin, nəticələrinin toyunu görsün, orada qol götürüb oynamaq kimi sağlamlığı özündə daşısın. Qüdrət bəy Azərbaycan siyasi mühitinə Azərbaycanın azadlığı uğrunda gedən mübarizə dövründən başlayıb, gənc yaşlarından öz yolunun seçib. Bu yol Azərbaycanın müstəqilliyi yolu idi. Bu yol Azərbaycanda milli dövlətçiliyin, demokratik, hüquqi və dünyəvi dövlətin yaranması yolu idi. Seçmiş olduğu bu yola hər zaman sədaqət nümayiş etdirən Qüdrət Həsənquliyev dövlət və millət üçün, onun bu günü və gələcəyi üçün bütün imkanlarını ortaya qoyan və imkanlarını əsirgəməyən siyasətçilərimizdəndir. Artıq Qüdrət bəyin 60 illik yubileyi onu tam kamil, mükəmməl və yetkin bir siyasətçi kimi təcəssüm etdirir. Qüdrət bəylə uzun illər boyu çiyin-çiyinə çalışmışıq, Milli Məclisdə eyni komitədə fəaliyyət göstərmişik. Fərqli partiyaların sədrləri olsaq da, xüsusilə Azərbaycanın taleyi, müstəqilliyi, dövlətçiliyi ilə bağlı məsələlərdə həmfikir olmuşuq. O, müxalifətdə olmasına baxmayaraq Azərbaycan dövlətçiliyində Heydər Əliyevin müstəsna yeri və rolunu düzgün qiymətləndirən siyasətçilərdəndir.

O, 2003-cü il və sonrakı illərdə Prezident seçkilərində iştirak edib. Seçkidə rəqibinin - İlham Əliyevin qalib gəlməsini qəbul edərək, yüksək siyasi mədəniyyət nümayiş etdirib və dövlət başçısını təbrik edib. Cənab Prezidentin fəaliyyətində onun rəqibi, müxalifət partiyasının sədri kimi kimi uğurlar arzulayıb. Bu, olduqca vacib bir keyfiyyətdir. Bu, ümummilli mənafelərin, dövlət maraqlarının şəxsi ambisiyalardan üstün tutulması keyfiyyətinin ifadəsidir. Məhz bu keyfiyyət Qüdrət Həsənquliyevə siyasi mühitdə hörmət və nüfuz gətirib. Bir daha Qüdrət bəyi təbrik edirəm. Ona möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və siyasi fəaliyyətində yeni-yeni uğurlar diləyirəm!”

Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev:

“Bu günlərdə millət vəkili, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyevin 60 illik yubileyini qeyd edirik. Qüdrət Həsənquliyev 60 illik ömrünün yarıdan çoxunu, 37 ilini ölkəmizin azadlığı, müstəqilliyi, suverenliyi uğrunda fəal mübarizəyə həsr edib. 1990-cı illərin əvvəlindən BDU-nun Hüquq fakültəsinin tələbəsi, 1992-ci ildə fərqlənmə diplomu ilə məzun olduqdan sonra da Milli Azadlıq Hərakatının avanqardı olan gənclər hərakatının öncüllərindən biri kimi milli müstəqillik, azadlıq idealları uğrunda savaşa bir an belə ara verməyib və bu mücadilə bu gün də davam edir. Mübaliğəsiz demək olar ki, Qüdrət Həsənquliyev 2004-cü ildən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) lideri, hazırda isə ƏHD Partiyasının sədri kimi ölkənin siyasi həyatında önəmli rol oynayır. O, Azərbaycanın ən fəal, cəsarətli, milli ideyaları hər zaman gündəlikdə saxlyan siyasi liderlərindən biridir. Azərbaycan cəmiyyətinin ən müxtəlif seqmentlərinin təmsilçiləri münasibətindən asılı olmayaraq Qüdrət Həsənquliyevin milli ideallardan, milli həmrəylik, dövlətçilik üçün doğru bildiyi dəyərlərdən heç vaxt geri durmadığı, hər zaman, hər an dövlətçiliyin güclənməsi, ölkəmizin milli maraqlarının təmin edilməsi istiqamətində addım atdığı fikri ilə razılaşırlar. Qüdrət Həsənquliyev öz fəaliyyəti ilə ötən əsrin 90-cı illərinin parlaq, istedadlı, milli düşüncəni, mücadilə əzmini özündə daşıyan mübariz gənclik ruhunu bu gün də yaşadır, nümayiş etdirir.

Qüdrət Həsənquliyev öz təcrübəsi, fəaliyyətli ilə milli siyasi praktikanın, parlamentarizm ənənələrinin təşəkkül tapmasında, inkişaf etməsində əhəmiyyətli töhfə verir. Təsadüfi deyil ki, Qüdrət Həsənquliyev səkkiz dəfə ard-arda jurnalistlər arasında keçirilən sorğularda ilin ən fəal millət vəkilləri sırasında yer alıb. BAXCP, hazırda isə ƏHD Partiyası milli siyasi düşüncənin, praktikanın formalaşmasında əsas müstəvilərdən biridir.

Onun yeganə, tək idealı güclü, müstəqil, bütöv Azərbaycandır və dövlətçiliyin qorunmasıdır.

Qüdrət Həsənquliyev eyni zamanda ictimai maraqların müdafiəsi, sadə insanların güzəranının yaxşılaşdırılması istiqamətində yolulmadan çalışan siyasətçi və parlementaridir. Bu istiqamətdə onun qədər ardıcıl möqeyə malik olan az sayda siyasətçi və millət vəkillərinin olmasını əminliklə qeyd etmək olar. Qüdrət Həsənquliyev daim prinsipial məsələləri gündəliyə gətirir və insanların problemlərinin həllinə çalışır. Bəzən cəsarətli çıxışları, mövqeyi birmənalı qarşılanmasa da, zaman həmişə onu haqlı çıxarıb.

Qüdrət bəy eyni zamanda peşəkar hüquqşünas kimi Azərbaycanın hüquq və dövlət quruculuğuna verdiyi töhfələrlə daim seçilib. Onun hüquq sahəsindəki bilik və təcrübəsi yalnız bir fərd olaraq deyil, bütövlükdə cəmiyyətin hüquqi mədəniyyətinin inkişafında mühüm rol oynayıb. O, qanunun aliliyinin və ədalətin qorunması sahəsində qətiyyətli mövqeyi ilə hər zaman nümunə olub.

İnsan ömrü nəinki yaşadığı illərin sayı ilə, həm də onun yaratdığı dəyərlərlə ölçülür. Qüdrət Həsənquliyev bu gün həm də milli ideallar uğrunda yorulmadan çalışan bir şəxsiyyət kimi yaddaşlarda qalır. Həyatını güclü, müstəqil və bütöv Azərbaycana həsr etməsi, onun idealizminin və gələcək nəsillərə əmanət etdiyi dəyərlərin əyani sübutudur. İnanıram ki, Qüdrət bəyin bu xidmətləri zaman keçdikcə daha yüksək dəyərləndiriləcək.

35 illik dəyərli və əziz dostum Qüdrət bəyi təbrik edir, ona cansağlığı və idealları uğrunda mücadilədə yeni nailiyyətlər arzulayıram!”

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu:

“Əzizim Qüdrət bəy!

Bu gün fürsətdən istifadə edərək, sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik etmək istəyirəm. Siz, yalnız etibarlı bir dost deyil, həm də xalqınızın layiqli təmsilçisi və görkəmli siyasətçisiniz.

Qəlbimin dərinliklərindən sizə möhkəm cansağlığı, uzun illər fəal və səmərəli iş, tükənməz enerji və öz gücünüzə inam arzu edirəm. Qoy yaxınlarınızın, həmkarlarınızın və həmfikirlərinizin dəstəyi həmişə yanınızda olsun.

Sizə olan heyranlığımı və qürurumu ifadə etmədən keçə bilmirəm. Siz sadəcə olaraq siyasətdə yüksək mövqeyə çatmamısınız, həm də ən vacibini-xalqınıza olan səmimi sevginizi, ədalət prinsiplərinə bağlılığınızı və dövlət maraqlarına xidmət etmək istəyinizi qoruyub saxlamısınız.

Sizin enerjiniz, peşəkarlığınız və insanlara xidmətə olan bağlılığınız bir çoxlarını ruhlandırır. Doğma Azərbaycanımızın inkişafına, vətəndaşlarımızın həyatını yaxşılaşdırmağa və ədaləti möhkəmləndirməyə yönəlmiş əməyiniz böyük hörmətə layiqdir.

Siz həmişə məsuliyyət daşımaqdan və həqiqəti müdafiə etməkdən çəkinməyən bir insan olmusunuz. Mənim üçün böyük sevincdir ki, sizin cəmiyyətin rifahı üçün bilik və bacarıqlarınızı necə səfərbər etdiyinizi görürəm. Sizin insanpərvərliyiniz, insanları dinləmək və dəstəkləmək bacarığınız, dialoqa hazır olmağınız və ən yaxşı həll yollarını tapmağa çalışmanız, sizi təkcə siyasətçi deyil, həm də etibar edilən və hörmət olunan həqiqi liderə çevirir.

Siz insanları dinləməyi, perspektivləri görməyi və başqalarının yalnız problem gördüyü yerdə həll yolları tapmağı bacarırsınız. Sizin zəhmətiniz, səmimiyyətiniz və hər kəsin rifahı üçün göstərdiyiniz qayğı sizə hörmət və dəyər qazandırır.

Sizinlə 30 ildən artıq dostluq etməkdən böyük qürur hissi keçirirəm. Siz mənim üçün yalnız bir peşəkar kimi deyil, həm də böyük ürəyi, möhkəm prinsipləri və işıqlı məqsədləri olan bir insan kimi nümunəsiniz.

Bütün qəlbimlə sizə möhkəm cansağlığı, tükənməz enerji və yeni zirvələrə çatmaq üçün ilham arzu edirəm! Qoy hər bir təşəbbüsünüz insanlara fayda gətirsin, həmkarlarınızın dəstəyi və seçicilərinizin təşəkkürü günlərinizi mənalı və sevincli etsin!”

"Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camal:

“Qüdrət Həsənquliyev Azərbaycan siyasətində öz mövqeyi, baxışı, yanaşması, vizyonu olan siyasətçilərdən biridir. Siyasətçi hər şeydən öncə vətəni, milləti və xalqı düşünməli, heç bir halda şəxsi və qrup maraqlarından çıxış etməməlidir. Yəni hər şeydən öncə vətəndaş olmağı bacarmalıdır.

Qüdrət Həsənquliyev sözün bütün mənalarında vətəndaşdır, ziyalıdır, aydındır: onu heç vaxt qrup maraqlarından çıxış edən görməzsiniz, heç vaxt Azərbaycanın maraqlarına uyğun olmayan siyasət yürütməz.

O, Milli Hərəkat dövründə, siyasi səhvlər üçün geniş “imtiyazlar” verən ən gənc yaşlarında belə dövlət maraqlarından bir an da olsun geri çəkilməyib. Təsadüfi deyil ki, hərəkatın içindən çıxmış və siyasi ambisiyalarını bütün dəyərlərin önünə keçirən bir çox siyasətçi Azərbaycan cəmiyyəti tərəfindən təbii şəkildə tarixin arxivinə gömüldü, ancaq Qüdrət Həsənquliyevin siyasi karyerası daha da yüksəldi. Bu, onun sərgilədiyi dövlətçi duruşuna etimaddan irəli gəlir.

Qüdrət Həsənquliyev həm də parlamentdə seçicilərinin səsi olan, dövlət və millət maraqlarına uyğun qanunvericilik təşəbbüsləri ilə çıxış edən aktiv deputatlardan biridir. Eyni təşəbbüsləri - öz elektoratının səsi olmaq, onların problemlərinin həllinə çalışmaq, eyni zamanda, dövlət və milli maraqlara xidmət etmək xəttini bütün platformalarda davam etdirir. Bu, bir siyasətçidə vacib olan stabillik keyfiyyətindən irəli gəlir. Yəni Qüdrət bəy öz fəaliyyəti ilə sübut edib ki, onun üçün əsas olan vəzifə və imtiyazlar yox, dövlət və milli maraqlardır.

Dövlətin uğurlarına sevinməyi bacarmaq, milli məsələlərdə dövlətin yürütdüyü düzgün siyasəti can-başla müdafiə edib, dəstək vermək Qüdrət Həsənquliyevin əsas keyfiyyətidir və bu fakt da onun “Öncə Vətəndir” düşüncəsinə nə qədər bağlı olduğunu nümayiş etdirir. İstər İkinci Qarabağ savaşı və onun nəticələri, “Hanı Xankəndi, hanı Xocalı” deyə böyük qələbəmizə xələl gətirməyə çalışan qaragüruha verdiyi cavablar, istər xaricdə oturub, ölkəmizə qarşı qarayaxma kampaniyasına qalxan, erməni diasporundan maliyyələşən antimilli qüvvələrə qarşı cəsarətli çıxışları onun vətəndaş mövqeyinin sübutudur. Heç təsadüfi deyil ki, Qüdrət Həsənquliyev o antimilli qüvvələrin daim hədəfində olur. Amma Qüdrət Həsənquliyev bu stabil, doğru, ziyalı və ədalətli siyasətçi yanaşmasını heç nəyə baxmadan qoruyur-baxmayaraq ki, bu mövqeyinə görə bəzi antimilli qüvvələr tərəfindən bir çox halda təhqirlərə və nüfuzdansalma kampaniyalarına məruz qalır.

Qüdrət Həsənquliyev “publikaya oynamaq üçün” populist çıxışlar etmir, hər şeydə “xal qazanmaq” kimi ambisioz düşüncəyə qapılmır, yalnız və yalnız real mənzərəni və baxışlarını ortaya qoyur.

Qüdrət Həsənquliyevi məhz bu milli, vicdanlı, gələcəyə istiqamətlənən və geosiyasəti incələyərək yürütdüyü siyasət fərqləndirir və zaman-zaman onun nə qədər doğru kurs yürütdüyünü də hər kəs müşahidə edir.

60 yaş bir siyasətçi üçün əslində parlaq yaş dönəmidir, çünki bu yaşda analiz aparmaq və daha doğru nəticələr üçün geniş təcrübə toplamış olursan. Ona görə Qüdrət Həsənquliyevi səmimi qəlbdən təbrik edir və siyasi yaşın ən parlaq dövründə ona cansağlığı arzu edirəm”.

"APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı:

“Qüdrət bəylə dostluğumuzun 25 yaşı var. Bunu xüsusi qeyd etməliyəm ki, onun tanıdığım dostlarının böyük əksəriyyəti ilə dostluğunun 25-30, bəlkə daha çox yaşı var. Uzunmüddətli dostluqlar adamın səmimi, dürüst, ardıcıl, insani münasibətlərə dəyər verə bilməsinin göstəricisidir. Qüdrət bəy dostluq münasibətlərinə xüsusi əhəmiyyət verir.

Qüdrət bəy, həmçinin, Azərbaycanın siyasi həyatındakı əhəmiyyətli proseslərdə iştirak etmiş siyasətçi, maraqlı çıxışları, təklifləri ilə yadda qalan millət vəkilidir.

Mən Qüdrət bəyi 60 illik yubileyi münasibətilə təbrik edirəm. Ona cansağlığı, şəxsi və siyasi həyatında uğurlar arzu edirəm.

Çox məmnunuq ki, Qüdrət Həsənquliyev kimi millət vəkilimiz var”.

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı:

“Hörmətli Qüdrət bəyi ürəkdən təbrik edirik. O, jurnalistlərin dostudur. Parlament jurnalistlərinin keçirdiyi bütün sorğularda Qüdrət Həsənquliyev ən fəal deputat olaraq ilin fəal deputatı kimi həmişə seçilən millət vəkillərindən olub. Qüdrət Həsənquliyev hər zaman ictimai-siyasi proseslərdə obyektiv mövqe nümayiş etdirməklə, dövlət və dövlətçiliyə xidmətlə yadda qalır. Bir daha qeyd edirəm ki, o, jurnalistlərin dostudur. Jurnalistlərin qarşılaşdıqları problemlərdə Qüdrət Həsənquliyev dəfələrlə onlara kömək edib. Qüdrət Həsənquliyevi öz adımdan və Parlament Jurnalistləri Birliyi adından ürəkdən təbrik edirəm. Ona bütün fəaliyyətində uğurlar arzulayıram. Biz çox məmnunuq ki, Qüdrət Həsənquliyev kimi millət vəkilimiz var”.

Seçilən
3
axar.az

1Mənbələr