Baş nazirin müavini Samir Şərifova daha bir vəzifə verilib.
Milli.Az bildirir ki, III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinə rəhbərlik edəcək.
Qeyd edək ki, Təşkilat Komitəsinə əvvəllər gənclər və idman naziri Fərid Qayıbov rəhbərlik edib. Yeni sərəncama əsasən, o, Komitə sədrinin müavini olacaq.
Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilərək, Baş nazirin müavini postuna təyin olunub.
Baş nazirin keçmiş müavini Əli Əhmədov Milli Məclisə deputat seçildiyindən Nazirlər Kabinetində vakant vəzifə yaranmışdı. Həmin vakant yer Samir Şərifovun təyinatı ilə doldurulub.
Xatırladaq ki, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş" iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.
Milli.Az