Professorlar deyir ki, yeni elmi mərkəzlər qura bilmirik, heç olmasa köhnələri qorumalıydıq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ləğvi barədə qərar qəbul edilib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Qafqazşünaslıq İnstitutunun rəsmi Facebook hesabında yazılıb. “AMEA Qafqazşünaslıq İnstitutu 29 aprel 2015-il tarixində yaradılıb. AMEA Rəyasət Heyətinin 24 yanvar 2025-ci il tarixli qərarı ilə fəaliyyətinə xitam verilib”, - deyə səhifədə bildirilib.
AMEA cəmi 18 nəfər elmi işçidən ibarət olan Qafqazşünaslıq İnstitutunun saxlanılmasını məqsədəmüvafiq hesab etməyib və onun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib.
“İnstitutun Qafqaz tarixi ilə əlaqədar şöbələrinin əməkdaşları Tarix və Etnologiya İnstitutunda, siyasi elmlərə aid olan əməkdaşları isə Fəlsəfə və Sosiologiya İnstitutunda yaradılan bu sahələrə aid genişləndirilmiş yeni şöbələrdə elmi tədqiqat işlərini daha əhatəli şəkildə davam etdirəcəklər”, - deyə AMEA-dan Modern.az-a verilən açıqlamada bildirilib.
Xatırladaq ki, Qafqazşünaslıq İnstitutunun başlıca tədqiqat istiqamətləri belə müəyyənləşmişdi:
- Qafqaz ölkələrinin daxilində baş verən sosial-iqtisadi, siyasi və b. proseslər, onların Azərbaycana təsiri
- Qafqaz ölkələrinin xarici siyasəti və onun Azərbaycana təsiri
- Böyük və qonşu ölkələrin, beynəlxalq və regional təşkilatların Qafqaz siyasəti, onda Azərbaycanın yeri
- Qafqaz regionunda münaqişələr, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, hərbi təcavüzü, işğalçılıq siyasəti və nəticələri
- Diaspora və lobbi fəaliyyətləri, dünyanın tanınmış siyasi və ictimai xadimlərinin Qafqaz regionuna dair baxışları
Fəaliyyət sahələri:
- İnstitutun elmi jurnalının nəşri, tərcümə və çap işlərinin görülməsi, fəaliyyətin veb saytda işıqlandırılması, kütləvi informasiya vasitələrində yayılması
- Xarici ölkələrdəki nüfuzlu elmi-tədqiqat mərkəzləri ilə İnstitutun əlaqələrinin qurulması və əməkdaşlığı
- Beynəlxalq simpozium, konfrans və seminarlarda iştirak.
Göründüyü kimi, Qafqazşünaslıq İnstitutuna kifayət qədər aktual bir fəaliyyət sahəsi cızılmışdı.
Qafqazşünaslıq İnstitutunun ilk direktoru Milli Məclisin deputatı, professor Musa Qasımlı olub. O, 2015-2024-cü illərdə həmin vəzifədə çalışıb.
Qafqazşünaslıq İnstitutunun hazırkı rəhbəri siyasi elmlər doktoru Ramilə Dadaşova idi. O, 2024-cü il oktyabrın 21-də AMEA Rəyasət Heyətinin qərarına əsasən, Qafqazşünaslılq İnstitutunun direktoru vəzifəsini icra edirdi.
Tarix elmləri doktoru, professor Boran Əziz “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Qafqaz, onun tarixinin, etnoqrafiyasının öyrənilməsi olduqca vacibdir. Çünki bütövlükdə dünya tarixinin vahidliyinə görə qədim insanın yaşayış məskənlərindən biri də Qafqazdır. Bu baxımdan Qafqaz tarixini, mədəniyyətini, etnoqrafiyasını hərtərəfli öyrənmədən dünya tarixinin bütövlüyü yarımçıq qalmış olur. Azərbaycan da Qafqazın bir hissəsidir. Bu baxımdan Qafqaz tarixinin öyrənilməsi ilə bağlı ayrıca elmi mərkəzin açılması çox doğru addım idi. Çünki Qafqazşünaslıq İnstitutunda həm Qədim və Orta Əsrlər tarixi öyrənilirdi, həm də müasir dövrdə Qafqazda yaşayan xalqlar arasında əlaqələrin yaradılması ilə bağlı araşdırmalar aparılıb və təkliflər irəli sürülüb. Xeyli sayda beynəlxalq və respublika səviyyəli konfranslar keçirilib. Həm də bütövlükdə Türkiyə və tarixən Azərbaycan ərazisi arasındakı əlaqələr, Qafqazdakı xalqların təhlükəsizliyinin və inkişafının əsas qarantı olub. Məsələn, orada aparılan araşdırmalar da aydın şəkildə göstərir ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələr, Qafqazda yaşayan hansısa xalqın bu torpaqlardan qovulmasına, soyqırımına məruz qalmasına və ya onlara aid olan maddi mədəniyyət abidələrinin tamamilə məhv edilməsinə gətirib çıxarmayıb. O baxımdan çox doğru araşdırmalar aparılır. İndiki dövrdə institutun ləğvi bir qədər qaranlıq qaldı. Könül istərdi ki, o ləğv olunmayaydı, əksinə, geniş araşdırmalar aparılmasına şərait yaradılaydı. Amma oxuduğuma görə oradakı elmi işçilər Tarix İnstitutuna cəlb olundu. Yəqin ki, bu zamana kimi onların qurduğu o fundament dağılmayacaq”.
BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmlinin də mövzu ilə bağlı fikirləri diqqət çəkir: “Əlbəttə, arzu olunan idi ki, akademiyanın Qafqaz üçün əsas xüsusiyyətlərini inkişaf etdirsin, imkanlarını genişləndirsin, elmi problemləri dərinləşdirsin, beynəlxalq əlaqələrini artıraraq nüfuzlu bir elmi qurum kimi tanınsın. Amma hadisələrin gedişatı göstərir ki, ölkədə yaradıcı elmi qurumların bağlanması tendensiyası müşahidə olunur və bu mənada Qafqazşünaslıq kimi elmi tədqiqat institutunun da ləğv olunması bu sıradadır. Əlbəttə, mən ilk növbədə təəssüflənirəm, çünki bir qurum yaratmaq, onu formalaşdırmaq və elmi səviyyəyə çatdırmaq asan məsələ deyil. İnstitutun bəzi nəşrləri, tədqiqat istiqamətləri ciddi şəkildə rəğbət doğururdu. Görkəmli alimlərin orada olması da müəyyən ümid doğururdu. Amma indi proseslər yalnız təəssüf doğurur. Ümumiyyətlə, elə qurumlar mövcuddur ki, onların bağlanması və ləğvi çox təəssüf hissi yaradır. Məsələn, Azərbaycan Tərcümə Mərkəzi kimi ciddi qurumlar uzun müddət yaradıcılıq ənənələri formalaşdırıb və kollektiv-intellektual mühitin inkişafına mühüm töhfə verib. Bu mərkəzlərin bağlanması insanı təəssüfləndirir. Yəni yeni bir qurum yaratmaq heç də asan məsələ deyil. Bu günlərdə çox vaxt təkliflər səslənir ki, məsələn, bəzi universitetlər bağlansın, bəzi strukturlar ləğv olunsun. Lakin bunlar sadə qərarlar deyil. Məsələn, Sovet İmperiyası dövründə Azərbaycanda elə mühüm qurumlar yaradılıb ki, onları biz müstəqil dövrdə yarada, formalaşdıra bilməzdik. Bunun üçün həm vəsait, həm də elmi və intellektual səviyyə nümayiş etdirilib. Müəyyən təşkilati işlər görülüb və formalaşdırılıb. Ona görə də bu gün həmin qurumların qədrini daha yaxşı bilməliyik, onlardan səmərəli istifadə etməliyik. Təbii ki, yenidənqurma işləri aparılmalıdır, elmi tədqiqat institutları inkişaf etdirilməli, dünyadakı ən önəmli elmi trendlərə uyğunlaşmalıdır. Təəssüf ki, bu vacib məsələlər həyata keçirilmədikdə, bu qurumların bağlanması aktual olur”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta