AZ

Çindən ucuz maşın alanlara pis xəbər: Dilerlər dövlətə müraciət etdi

"Məlum olub ki, ötən il Azərbaycana idxal olunan avtomobillərin 45%-i paralel idxaldır, yəni "boz bazar"dan alınıb. "Boz bazar" isə el arasında qeyri-rəsmi gətirilən avtomobillər deməkdir. Yəni vətəndaş rəsmi servis mərkəzindən yox, özü birbaşa daha ucuzuna Çindən istehsalçı şirkətdən maşını alıb, öz adına idxal edir".

Ölkə.Az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib. Onun sözlərinə görə, bu rəqəm isə Azərbaycanda sahibkarları və dilerləri narahat edib:

"Verilən məlumatlara görə onlar dövlətə, federasiyaya müraciətlər edirlər ki, vətəndaşın belə alışlarına məhdudiyyətlər gəlsin.

Hətta bununla bağlı Federasiya məhdudiyyətləri əks etdirən təklif hazırlayır.

Düşünürəm ki, bu, çox absurd yanaşmadır. Mən özüm Çin avtomobilimi servisdən almışam. Yutub kanalıma baxsanız, rəsmi servislərlə əməkdaşlıq etdiyimi görərsiniz. Onlardan pul qazanmışam. İzləyiciyə verdiyim məsləhətlər də həmişə servisin imkanları ilə bağlı olub ki, servisdən alsanız, zəmanət, xidmət, ehtiyat hissə zəmanəti əldə etmiş olursunuz.

Amma bu o demək deyil ki, vətəndaşın seçim imkanı məhdudiyyətlərlə tənzimlənsin. Azərbaycanlı sahibkar hansısa avtomobil istehsal edir ki, onun hüququ da qorunsun? Avtomobili qoyaq kənara, bəlkə heç bir təkər istehsal edir? Bu, sahibkarı yox, alverçini qorumaq məntiqi olardı.

Və ya Azərbaycandakı dilerlər ölkə iqtisadiyyatına nə qədər fayda verir ki? Nə qədər kütləvi iş yeri və salonu var ki, dövlət onları qorusun? Vətəndaş da gətirəndə vergisini və rüsumunu ödəyir, dövlətə xeyir verir. Bəlkə sahibkar ondan artığını edir?"

F.Pərdəşünas hesab edirə ki, sahibkarlar belə direktiv qərarları yox, maarifləndirməni seçməlidirlər:

"Rəsmi satıcılar daha üstün imkanlar təqdim edib, alıcını cəlb etməlidir: servis, xidmət, ehtiyat hissə, bazara uyğun xüsusi imkanlar, dil dəstəyi və s. Onsuz da bunu verəndə, mənim kimi servis tərəfdarı olanlar gedib ordan alacaq.
Amma bunu istəməyənləri məcbur etmək doğru deyil. Dilerlərdən pul alıb, sifarişlə belə təbliğat, reklam aparan bloqerlər, influenserlər doğru mesaj vermir. Mən də bu işi görürəm, amma qətiyyən alıcını qadağa altına salmaq olmaz".

Texnobloger deyib ki, əgər dövlət bir qadağa qoyacaqsa, bu, həm sahibkar, həm də adi vətəndaş üçün eyni olmalıdır:

"Məsələn, ABŞ deyir ki, mən Çin brendlərinə 100% rüsum tətbiq edirəm. Daha bunu sahibkara və vətəndaşa ayırmır.
Hazırda dövlətin strateji baxışı məhz avtomobil parkını yeniləməkdir. Hibrid və elektrik avtomobillərinə olan güzəştlər, xarici bazara əlçatanlıq bazarda ucuz avtomobil almağa imkan yaradıb. İnsanlar 20-30 minə təzə maşın alırlar və dövlətin bu strategiyası əladır. Düşünürəm ki, dövlət elə bu cür də davam etməlidir. Sahibkarlar isə azad rəqabətə uyğunlaşmalıdır, direktiv qərarlardan mədət ummamalıdır".

Billurə
 

Seçilən
1
9
olke.az

10Mənbələr