AZ

İlham Qəmbərov: 12 saylı Xəzər birinci seçki dairəsində 250 nəfər ilk dəfə səs verəcək

Bakı, 29 yanvar, AZƏRTAC

Bu gün ölkə üzrə bələdiyyə seçkiləri keçirilir. Səhər saat 08:00-dan etibarən bütün seçki məntəqələrində olduğu kimi, 12 saylı Xəzər birinci seçki dairəsində səsvermə qanunvericiliyə uyğun olaraq nizamlı şəkildə başlayıb.

AZƏRTAC xəbər verir ki, seçicilərin sərbəst şəkildə səs verməsi üçün hər cür şərait yaradılıb.

Seçki məntəqələri lazımi avadanlıqlarla təmin edilib, məntəqələrdə təhlükəsizlik tədbirləri gücləndirilib və prosesin şəffaflığını təmin etmək üçün bütün prosedurlar ciddi nəzarət altında aparılır.

12 saylı Xəzər birinci seçki dairəsinin baş məsləhətçisi İlham Qəmbərovun verdiyi məlumata görə, dairə üzrə ümumilikdə 37 seçki məntəqəsi fəaliyyət göstərir. Bu dairədə ilk dəfə səs verəcək 250 nəfər seçici qeydə alınıb. Ümumilikdə isə dairə üzrə seçici siyahılarında 48 min 9 nəfər qeydiyyata alınıb. Hazırkı mərhələyə qədər seçki prosesində heç bir qanun pozuntusu və ya şikayət qeydə alınmayıb.

Seçkilərin şəffaflığını təmin etmək məqsədilə dairə üzrə müşahidəçilər fəaliyyət göstərir. Həm yerli, həm də beynəlxalq müşahidəçilər səsvermə prosesini izləyərək şəffaflığın qorunmasını təmin edirlər.

Qeyd edək ki, Xəzər rayonu üzrə bələdiyyə seçkilərində 178 nəfər namizədliyini irəli sürüb.

Seçilən
3
47
azertag.az

10Mənbələr