Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, baş nazirin istefasından sonra yaxın bir neçə gün ərzində ölkədə yeni hökumətin formalaşdırılması və ya növbədənkənar parlament seçkisinin keçirilməsi ilə bağlı qərar veriləcək.
hakimiyyet.az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
Nazirlər Kabinetinin növbədənkənar iclasının yekunlarına dair mətbuat konfransı zamanı A.Vuçiç istənilən ssenariyə hazır olduğunu bildirib.
Xatırladaq ki, Serbiyanın paytaxtı Belqradda tələbələrin etiraz aksiyası ölkədə siyasi böhrana səbəb olub. Ötən gün Belqradın ən böyük nəqliyyat mərkəzlərindən biri olan "Autokomanda"nın qarşısına toplaşan tələbələr yolları bağlayıblar. Aksiya iştirakçıları 2024-cü il noyabrın 1-də Serbiyanın Novi-Sad şəhərində dəmiryol vağzalında beton talvarın uçmasına görə rəhbərliyin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirlər. Həmin hadisə zamanı aralarında uşaq da olmaqla 15 nəfər həlak olmuşdu.