Ötən mövsümdən bəri balansı qoruya bilməyən “Sabah” yaratmış olduğu “ənənə”ni davam etdirir.
Premyer Liqanın XIV turunda “Turan Tovuz”la səfər heç-heçəsindən (1:1) sonra Krunoslav Renduliçlə yolları ayıran “bayquşlar”, sükanı heç vaxt baş məşqçi təcrübəsi olmayan Vasili Berezutskiyə təhvil verdi. 42 yaşlı mütəxəssisin gəlişindən sonra Masazır təmsilçisi ölkə çempionatında çıxdığı 6 matçda, 2 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə yadda qalıb. Komanda 20 turdan sonra hazırda aktivindəki 28 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alıb. “Sabah”ın ən yaxın rəqibi “Turan Tovuz”la aradakı fəl fərqi isə 7-dir.
Gedişata baxdıqda, “tələbələr”in avrokuboklara vəsiqə qazanmaq şansı cüzidir. Berezutskinin oyun üslubu ilk gəldiyi günlərdən özünü göstərsə də istənilən nəticələri əldə edə bilmir. Bunu onun baş məşqçi kimi ilk təcrübəsiylə də bağlamaq olar. Hərçənd, rusiyalı gənc mütəxəssisin qarşısına qoyulmuş hədəfə çata bilməməsi, onu “kreslo”sundan edə bilər. Belə durumda isə təəccüblənəcək bir şey yoxdur. Hər nə qədər iddialı olduqlarını bildirsələr də rəhbərliyin komandaya gətirdiyi çalışdırıcılarda bu istəyi, aqressivliyi görmək olmur.
“Sabah”ın növbəti turdakı rəqibi elitadan düşmək təhlükəsiylə üz-üzə olan “Kəpəz”dir. Qələbə hər iki tərəf üçün vacibdir. Gəncəlilər Premyer Liqada qalmağa, “bayquşlar” isə 3 oyunluq qələbəsizlik seriyasını qırmağa can atacaq.
Mirkamal Kazım