Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.
Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur. Bələdiyyələrin səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq müəyyənləşdirir.
Yerli özünüidarəetmə orqanının səlahiyyətlərinə gəlincə:
- bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
- bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
- bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;
- yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;
- yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;
- bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
- yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;
- yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;
- yerli ekoloji proqramların qəbul və icra edilməsi.
Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Yerli özünüidarəetmə orqanı üzvlərinə verilmiş səlahiyyətlər bir neçə hallarda itirilə bilər:
- barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərar olduqda;
- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
- Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;
- vəfat etdikdə;
- məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;
- bələdiyyə seçkisi zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə;
- öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
- bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
- qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda;
- altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;
- ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə.
Daha ətraflı Baku TV-nin videomaterialında: