AZ

“Mənim tanıdığım Qüdrət Həsənquliyev” — Deputatın yazısı...

Dəyərli həmkarım Qüdrət Həsənquliyevin 60 illik yubileyində onunla bağlı bəzi məqamları bölüşməyi özümə borc bilirəm...

Öncəliklə, ən böyük keyfiyyətindən danışım – mərdliyindən!  Qüdrət bəy elə bir insandır ki, ona hara qədər desən güvənmək olar. Hə, razıyam, emosionaldır, çılğındır və bu fonda bəzən kimlərinsə gözünə yanlış olaraq  “çətin adam” kimi də görünə bilər. Amma...inanın, bütün səmimiyyətimlə deyirəm: Ən çətin anında, köməyə ən çox ehtiyac duyduğun vəziyyətdə dost, qardaş deyib 50 adama səslənsən, qapında birinci onu görərsən. Üstəlik, tam təmənnasız, qarşılıq gözləmədən gələr. Gələr və əlindən gələn, mümkün olan hər şeyi edər. Ki, hardasa, necəsə sənə bir faydası toxunsun.

Qüdrət Həsənquliyev peşəkar hüquqşünas və praktik siyasətçidir. O, illərin sınağından çıxan, böyük məktəb keçən, hər çətin anın, mübarizənin üzünü görən insandır.

Qüdrət bəyin sözü bəzən kəsərli ya da acı ola bilər. Fəqət, o, əsla və əsla oynamaz, imitasiya etməz, rola girməz! Çünki hər vəziyyətində özüdür. Çünki nə düşünürsə, onu danışır. Çünki beynində nədirsə, dilində də odur!

Mən bir dəfə şahidi olmamışam ki, Qüdrət Həsənquliyev qiybət eləsin, kiminsə arxasınca danışsın, hansısa bir insanın pis tərəflərini qabartsın. Əsla və əsla! O, əgər danışacaqsa yaxşı tərəflərdən danışar, müsbət tərəfləri önə çəkər, xoş tərəfləri müzakirə edər.

Mən niyəsə Qüdrət Həsənquliyevin gözlərində hər zaman yorğunluq görmüşəm. Sanki həyat bu insanın üzərinə normadan ən az 5 dəfə daha artıq missiya, öhdəlik, vəzifələr qoyub. Sanki o, özü-özünü çox yükləyir. Sanki o, dərdi, kədəri də ətrafındakıların hamısının əvəzinə çəkir. Sanki o, rahatlığın varlığını, mövcudluğunu çoxdan unudub.

Qüdrət Həsənquliyevin kin yaddaşı yoxdur. Amma yaxşılıq yaddaşı müdhiş və inanılmaz möhtəşəmdir...Heç unutmaram, bir dəfə “Yenimüsavat”in canlı efirində qeyri-ixtiyari söyləmişdim ki, Qüdrət bəy mənim çox dəyərli həmkarım, özümə böyük qardaş bildiyim biridir və əgər o filan məsələni (yadımdan çıxıb, hansı məsələ idi) dilinə gətirirsə, demək ki, düz deyir. Vəssalam, sadə bir ifadə! Yəni, adama münasibətdə sıradan bir hörmət, ehtiram nümayişi sərgiləmişdim. Amma, inanın, Qüdrət bəy həmin kəlmələrin qarşılığını və minnətdarlığını mənə illər boyunca hiss etdirdi. İndiyə qədər də hiss etdirir. Həm sözü, həm də davranışı ilə...

Nəhayət, Qüdrət Həsənquliyev əsl dövlət adamı, parlaq düşüncə sahibi və millət təəssübkeşidir. O, ləyaqətli yaşam və fəaliyyət tərzi ilə bir çoxlarına örnəkdir və şəxsən mənim üçün bu həyatda kişi kimi yaşamağın etalonlarından, simvollarından biridir!

Əziz qardaş!

Nə yaxşı ki, varsınız.

Nə yaxşı ki, sizi tanıdım.

Çox yaşayın, sağlam yaşayın, xoşbəxt yaşayın.

Daim və daim...

Öpürəm, bağrıma basıram.

Ad gününüz və yubileyiniz mübarək!

Seçilən
4
demokrat.az

1Mənbələr