Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd hazırlığı və onun müzakirəsi cinayətdir və qlobal təhlükəsizliyə ciddi təhdiddir. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib. Volodin bildirib ki, bu, nüvə müharibəsinin başlanmasına aparan birbaşa yoldur. Bu, bütün beynəlxalq qurumlar üçün əsas araşdırma olmalıdır. Hamı başa düşməlidir ki, Rusiyaya qarşı amansız mübarizə aparırlar. Üzləşdiyimiz çağırışların və təhdidlərin miqyasını anlayın. Bu, məsuliyyət hiss etmək deməkdir. Qeyd edək ki, amerikalı aparıcı Taker Karlson Bayden administrasiyasının Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd hazırladığı ilə bağlı açıqlama vermişdi.
AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a söyləyib ki, Bayden Administrasiyasının Vladimir Putinə qarşı sui-qəsd planı inandırıcı deyil:
“Taker Karlson məşhur jurnalistir. Amma amerikalıların şou tərəfi də var. Hazırda onların prezindenti də şoumendir. Sadəcə olaraq sözügedən açıqlama manşetlərdə öz adlarının hallanması üçündür. Bayden Administrasiyasının Putinə qarşı sui-qəsd etmək üçün cəsarəti yoxdur və belə ağılsız addım atmazlar. Bu fikirlər Rusiyanın daxilində Putinin nüfuzunu artırdı. Yəni Putin artıq öz xalqı qarşısında rahatlıqla qarşı tərəfin düşmən olduğunu və Ukrayna üzərində mütləq qələbə qazanmalıyıq fikrini söyləyə bilər. Əgər Putinə qarşı sui-qəsd olarsa, təbii ki, nüvə müharibəsinə səbəb olar. Hesab edirəm ki, Rusiya NATO ilə qarşıdurmada uğursuzluğa düçar olmağa başlasa, Rusiya hakimiyyəti daxilindən də Putinə qarşı sui-qəsd hadisəsi baş verər. Lakin bu hələlik mümkün deyil, çünki Rusiya hazırda cəbhədə qalibdir və sanksiyalara rəğmən iqtisadiyyatı sabitdir”.