AZ

"ABŞ İsrail vasitəsilə Ukraynaya "Patriot" raketləri göndərib" - CNN

 
"İsrail baş nazirinin Rusiya prezidenti ilə balanslı münasibət saxlamağa çalışması bu qərarın qəbulunu ləngidib..."
 
Ukrayna Hava Hücumundan Müdafiə (HHM) sistemləri üçün İsraildə saxlanılan təxminən 90 "Patriot" raketi əldə edib. Bu təchizat ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi CNN telekanalına bildirib. Məlumatı "svoboda.org" nəşri yayıb.
 
İsrail bu HHM sistemlərindən 30 ildən çox istifadə etdikdən sonra onları 2024-cü ilin aprelində istismardan çıxarıb. Raketlərin Ukraynaya verilməsi ilə bağlı müzakirələr ötən yaydan bəri davam edib. Həmin vaxt Bayden administrasiyası Kiyevə Rusiyanın hücumlarına qarşı əlavə hava müdafiə vasitələri təmin etməyə çalışıb.
 
Ukraynanın "Patriot" raketlərinə kəskin ehtiyacı var, çünki Rusiya mütəmadi olaraq raket və dron zərbələri endirir, bununla da ölkənin hava hücumundan müdafiə sistemini sınağa çəkir.
 
Bununla belə, İsrailin Kiyevə hərbi yardımı məhdud olaraq qalır. Ölkə rəhbərliyi Kremlə qarşı kəskin tənqiddən çəkinir. Baş nazir Binyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putinlə balanslı münasibət saxlamağa çalışması sursatların tədarükü ilə bağlı yekun qərarın qəbulunu çətinləşdirib. Nəticədə ABŞ-ın "Patriot" raketləri əvvəlcə İsrailə ötürülüb, daha sonra isə Ukraynaya göndərilib.
 
İsrail "Patriot" sistemlərindən imtina edib
 
İsrail Müdafiə Qüvvələri 2024-cü ilin aprelində "Patriot" sistemini istismardan çıxardığını elan edib. Bu sistem İsrail ordusuna 1991-ci ildə inteqrasiya edilib və ilk dəfə 2014-cü ildə HƏMAS-la müharibə zamanı döyüş şəraitində istifadə olunub. Həmin vaxt "Patriot" Qəzzadan buraxılan düşmən PUA-sını vurub.
 
Bununla belə, "Patriot" İsrailin əsas hava hücumundan müdafiə sistemi sayılmır. Ümumilikdə İsrailin "Patriot: batareyaları 19 ədəd raket zərbəsini dəf edib, onlardan doqquzu hazırkı HƏMAS-la münaqişə zamanı qeydə alınıb. İsrail daha çox qısamənzilli raketlərə qarşı "Dəmir Qübbə" sisteminə, orta mənzillər üçün "Davudun sapandı"na və uzaqmənzilli müdafiə üçün "Ox" ("Arrow") sisteminə güvənir.
Seçilən
4
moderator.az

1Mənbələr