AZ

Kişilər, az qalıb, qədrimizi biləcəklər...

Bir video gördüm: Qadın ona evlilik təklif edən oğlanın hərəkətinə təsirlənərək xanım-xatun kimi əzilib-büzülür. Ardınca sevgilisinin diz çəkərək üzük verdiyini görən kimi, duyğularını kənara qoyur və dərhal oğlanın qoluna girib ayağa qaldırır. Bəli, bunu da bir duyğu adlandırmaq olar. Amma qürur duyğusu, kövrəklik yox. Qadın bununla ifadə edir ki, onun ailə quracağı kişi məhz dik durmağı bacaracaq xarakterə sahib olmalıdır. Oğlanın günahı yoxdur, sadəcə, müasir trendlərə qoşularaq sevgisini diz çökərək bildirir. O trendlər ki, azadlığın təzahürü kimi təqdim edilir, lakin diqqətlə baxdıqda düşüncə müstəqilliyimizi əlimizdən alıb özünə qul edir.

İndi “köhnə kişi” anlayışı adına uyğun köhnəlib, işləmir və keçmiş dövrlərdən bəhs edilən nəsnələrdə yer alır. Məsələn, kitablarda o vaxtlardan danışılanda, nostalji söhbətlər ediləndə. Bəzən isə bir qrup insanların lağlağı obyekti olanda. Yəni keçmişdə qalmış, geridə qalmış kimi... İndi “köhnə kişi” anlayışını ya femin (incə, zərif) kişilər, ya da “qaqa modelləri” əvəz edib. Çox az sayda belə düşüncəyə sahib kişilər qalıb. Ya ifrat, ya təfritin şahidi oluruq. O qədər qadın haqları barədə danışıldı və təbliğatı aparıldı ki, kişilər avtomatik olaraq sıxılmağa, üzərində təzyiq hiss etməyə başladılar. Nəticəsi isə yeni modellərin, formaların ortaya çıxması ilə yekunlaşdı. Artıq bəzi kişilər bu yöndə çəkinmədən, qorxmadan qadınlardan qorxduğunu göstərən yumoristik videolar da çəkirlər. Paradoksa baxın: qorxmadan qorxurlar.

Zaman keçdikcə kişilər xeyli sahədə qadınlardan geri düşməyə başlayıb. Gender bərabərliyi fonunda bərabərlik yox, defisit, yəni çatışmazlıq yaranmağa başladı. Bunun məntiqi sonluğu isə ailələrin dağılmasında da özünü göstərdi. Əlbəttə, təkcə ailə məsələlərində özünü göstərmədi. Ümumiyyətlə, münasibətləri formalaşdıran düşüncələrdir, baxış bucaqlarıdır və bu isə ünsiyyətlərdə təzahür edir. 

Xülasə bayaq baxıram, hamımızın tanıdığı aparıcı Aytən Səfərova deyir: “Kişilər, evlilik təklifi edərkən diz çökməyin. Bir türk və Qafqaz kişisi yalnız rəqs edərkən ya da bayraq qarşısında diz çökər. Mən qadın olaraq istəmərəm ki, kişi qarşımda diz çöksün. Heç vaxt da buna imkan vermərəm".

Keçən dəfə verilişdə olarkən, psixoloq xanım da söylədi ki, qadın yanında əsl kişi görmək istəyir.
Əlavə edim, bəzi kişilərin tənqid olunduğu paylaşımlarda artıq qadınlar özləri yazmağa başlayıb ki, bir azdan kişi tapmayacaqsınız.

Xanımlar, müəyyən etmək lazımdır ki, kişilərdən nə istəyirsiniz, pul, şan-şöhrət, əzilib-büzülmək, feminlik, yoxsa əsl kişi forması, yaxud da hər şeydən bir az? Sual ritorikdir. 

Bəzən düşünürəm ki, müasir dillə desək, kainat – indi bu söz dəbdədir – bizi bir-birimizlə sınağa çəkib bədəl ödədir. Yanlış düşüncələrin əsiri olduğumuz üçün bizi qamçılayır, silkələyir ki, bəsdirin, özünüzə gəlin!

Samir Mirzə

Seçilən
5
olke.az

1Mənbələr