“Barselona”nın polyak ulduzu, mərkəz hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanına mümkün keçid barədə sualı cavablayıb.
Arena.az “Polsat Sport” dərgisinə istinadən, polyak ulduzun bu barədə cavabını təqdim edir:
“Mən “Barselona”da özümü çox yaxşı hiss edirəm – həm klub daxilində, həm də azarkeşlər arasında. Mən xoşbəxtəm və karyeramı davam etdirmək üçün başqa məkanlar haqda düşünmürəm”, deyə “Lyova” vurğulayıb.
Xatırladaq ki, 36 yaşlı veteran hücumçu Levandovski Səudiyyə Ərəbistanı təmsilçiləri – “Əl-Nəsr” və “Əl-Hilal”ın maraq dairəsindədir.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 30 oyuna çıxıb. O, bu oyunlarda 29 qol vurub və 3 məhsuldar ötürmə verib.
Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 125 oyun, 88 qol və 20 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 156 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.