AZ

"Tacir bu qələti etdi, indi də qalıb əlində..." - "Qarabağ bülbülləri"nin rəhbəri ilə MÜSAHİBƏ

"Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri Murad Rzayev Musavat.com-un suallarını cavablandırıb.
 
-Murad bəy necəsiniz? Çoxdandır sizdən xəbər yoxdur...
 
-Əvvəlki kimi gümrah deyiləm, yəqin ki, yaddan çıxmışam. O vaxt ayılacaqlar ki, Murad onda olmayacaq...Həyatdan köçmüş olacağam. Vaxt var idi ki, televiziyalar başıma fırlanırdı, indi bir adam zəng edib demir ki, sağsanmı?
 
“Qarabağ bülbülləri” ansamblının yaradıcı kimi başqasını göstərdilər, Bayatı-Şiraz muğamının improvizasiyasını isə Tacir Şahmaloğlu mənimsəyir. İndi buna nə deyim?
 
-Hazırda nə işlə məşğul olursunuz? Ansambılda işlər davam edir?
 
-Xırdalanda yaşayıram, bütün günü evdə oluram. Ansambılın yubileyini keçirəcəkdik, oğlum rəhmətə getdi deyə bu işlər də qaldı. Onun vəfatı bizi məhv etdi. Stol arxasında ürək tutmasından keçindi. Digər oğlum Fərid isə Musiqili Teatrda çalışır, yaxşı aktyor və bəstəkardır.
 
-Ansamblın üzvüləri indi harada faəliyyət göstərirlər?
 
-Hamısı öz sənəti ilə məşğuldur, aralarında xalq artisti, əməkdar artist adını alanlar var. Amerikaya gedib konsert verənlər də olur. Murad Laçınlı efirdən düşmür, o da mənim tələbəm olub.
 
-Yeni bəstələriniz, improvizələriniz varmı?
 
-Hələlik əlim işlərdən soyuyub, oğlumun ilinin çıxmasını gözləyirəm.
 
-Tacir Şahmaloğludan gileyləndiniz? Sizcə niyə öz müəlliminə qarşı bu addımı atır?
 
- Nə bilim, qoy özü cavab versin. Məndə bəzi kasetlər var ki, orada Tacir iki saat məni tərifləyib, ustadı adlandırıb. İndi isə deyir də, düşünür ki, öləcəyəm, bunun adına yazılacaq. O vaxt bu qələti etdi, indi də qalıb əlində.
 
-Onunla üz-üzə gəlib, bu məsələni həll etməyi düşünürsünüzmü?
 
-Onunla danışmaq istəmirəm. Ağdamda kimsə birdən gözlərimi qapadı, əlini çəkəndə gördüm Tacirdir. Bilsəydim ki, o oradadır, getməzdim. Ondan sonra görüşmədik.
 
-Ağdama getdiyinizi dediniz. Şəhərin xarabalıqlarını görmək çətin olar...
 
-Salamat bir ev yox idi. Uşaqlığım orada keçib, qəribə hisslər var idi. Sadəcə təəssüfləndim.
 
-Bütün günü evdə olmaq sizi darıxdırmır? Bütün həyatı boyu çalışmışınız.
 
-Çox darıxıram, amma nə edə bilərəm ki. Oturub küçədən keçənlərə baxıram, televizora baxmağa isə həvəsim gəlmir.
 
Qeyd edək ki, "Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri və yaradıcısı Murad Rzayev olub. Ansambl dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman alıb, 12 sənədli və bədii filmdə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülüb.
 
1977-ci ildə isə Xamis Muradovun rejissorluğu ilə sözügedən kollektiv ilə bağlı ilk sənədli filim də çəkilib. Bu filmdə "Qarabağ bülbülləri"nin 4 üzvü: Tacir Şahmalıoğlu, İzahat Cəfərov, İlhamiz Paşayev, Nazim Zeynalov haqqında danışılır.
 
Seçilən
12
moderator.az

1Mənbələr