Kreml düşünməsin ki, Azərbaycan xalqı bütün bunları unudur. 20 Yanvar faciəsini törədən Rusiya I Qarabağ müharibəsində erməni işğalının əsas sponsoru idi. Qarabağ münaqişəsinin 30 ilə yaxın davam etməsi və torpaqlarımızın işğalda qalmasının əsas qaynağı da məhz Rusiya olub. Çünki Rusiya zaman-zaman işğalçı Ermənistanı silahlandırır, siyasi və hərbi dəstəyi ilə gücləndirir, o cümlədən, danışıqlar prosesində razılaşma əldə edilməsinə mane törədərdi.
Nəhayət, Azərbaycan 2020-ci ildə cəmi 44 gün ərzində öz tarixi torpaqlarını işğaldan azad etdi, Rusiyaya və ermənilərin digər havadarlarına rəğmən.
2020-ci ildən 2023-cü ilə qədər Qarabağda baş verənlər Rusiyanın gerçək simasını bir daha ortaya çıxardı. Azərbaycan torpaqlarında özünü “sahib” kimi aparmağa cəhd edən Rusiya sülhməramlıları erməni cinayətkar dəstələrinin silahlandırılmasından tutmuş, separatizmin körüklənməsinə qədər hər cür cinayətlərə imza atırdı. Azərbaycan tərəfinin dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq, sülhməramlıların özbaşınalığına son qoyulmurdu.
- Silah-sursatın daşınması.
- Narkotika ticarətinin aparılması.
- Qanunsuz səfərlərin təşkili.
- Laçın yolunu beynəlxalq cinayətkarlığın keçidinə çevirmək.
- Azərbaycanın təbii sərvətlərinin talanaraq, Ermənistana daşınması.
- Ekoloji mühtin məhv edilməsi.
Rusiya sülhməramlılarının Qarabağda törətdiyi cinayətlərin siyahısını kifayət qədər uzatmaq olar. Bu gün Rusiya özünü elə aparır ki, sanki bu cinayətlər çox keçmişdə qalıb, yaxud “əlləri cinayətə” bulanmayıb.
2023-cü ilin 20 sentyabrında keçirilən antitrerror əməliyyatı Azərbaycan dövlətinin siyasi iradəsi və suverenliyinin bərpa edilməsi hədəfində prinsipial mövqeyinin nəticəsi idi. Rusiya isə yenə də sona qədər erməni quldur dəstələrinin müdafiəsi məqsədilə əlindən gələni etdi. Misal üçün, hərbi cinayətlər törətmiş şəxsləri – Araik Arutyunyan, Ruben Vardanyan və digərlərinin sülhməramlıların bazasında gizlədilməsi məlum məsələdir. O cümlədən, əməliyyat zamanı bazada qalmaları haqda xəbərdarlıq edilsə də, bir qrup sülhməramlının buna əməl etməməsi təkcə ehtiyatsızlıq yox, həm də təxribat addımı idi. Nəticədə onların avtomobili atəşə məruz qaldı və bir neçə sülhməramlı öldü. Azərbaycan isə baş verənlərə görə müvafiq addımlar atdı.
Rusiyanın eyni təxribatı 44 günlük müharibə zamanı da olmuşdu. 2020-ci ilin 9 noyabrında işğalçı erməni kalonunu müşaiyət edən Rusiyaya məxsus helikopter Azərbaycan hərbçiləri tərəfindən yanlışlıqla vuruldu, çünki Rusiyaya məxsus helikopter işıqlarını söndürərərək, gizli şəkildə erməni separatçılarına yardım etməyə çalışırdı. Azərbaycan bu təxribata rəğmən, yenə müvafiq tədbirlər gördü, istər məsuliyyətə cəlb etmək, istər kompensasiyaya ödəmək olsun, lazımi addımlar atdı.
Ancaq çox təəssüf ki, Rusiya bu gün hələ də adekvat addımlar atmır. AZAL-a məxsus təyyarə Qroznıda vurulsa da, Kreml faktları gizlətməyə çalışır. Halbuki, qara qutular artıq açılıb və bütün məsuliyyətin Rusiyanın üzərinə düşdüyü ortadadır.
Bəs Rusiya niyə belə mövqe sərgiləyir? Çünki bu ölkə tarixən öz qonşularına və müttəfiqlərinə qarşı hüquq, yaxud reallıqdan yox, imperiya maraqları və işğal siyasətindən çıxış edir. Bu gün Rusiya mediasında Azərbaycana qarşı aparılan hücum kampaniyası da bundan qaynaqlanır və məlumdur ki, tapşırıq birbaşa Kremldən verilib.
Lakin Moskvada unutmasınlar ki, Azərbaycan xalqı nə 20 Yanvarı, nə də Rusiyanın törətdiyi, yaxud törədilməsində iştirak etdiyi digər qırğınları unutmayıb!
Vaqif Hüseynli
Demokrat.az