AZ

Nazim Sadıxovun böyük qayıdışı

Fevralın 15-də Las-Veqasda keçiriləcək "UFC Fight Night" turniri azərbaycanlı qarışıq döyüş ustası Nazim Sadıxov üçün böyük əhəmiyyət kəsb edəcək.

İdman.biz xəbər verir ki, həmyerlimizin oktaqonda sonuncu döyüşü 2023-cü ildə olub.

Sadıxov Las-Veqasda braziliyalı İsmael Bonfimlə döyüşəcək. Rəqib MMA-da 24 döyüş keçirib, onlardan 20-də qalib gəlib. Sadıxovun hesabında isə 11 döyüş var: 9 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət.

Sadıxov sonuncu döyüşünü 2023-cü il noyabrın 11-də Nyu Yorkda "Madison Square Garden"də rusiyalı Vyaçeslav Borşevə qarşı keçirib. Üç raundluq mübarizənin sonunda hakimlər heç-heçə qeydə alıblar.
Daha sonra rəqib axtarışında olan və ötən iyulda Koloradoda keçirilən "UFC Fight Night"a hazırlaşan Sadıxov rəqibləri üç dəfə dəyişdiyi üçün orada iştirak edə bilməyib.

Sadıxov əvvəlcə Kris Dunkanla görüşməli idi, lakin şotlandiyalı yarışa qatılmadı. Onu amerikalı Markel Mederos əvəzləsə də, sonradan onun da oktaqona çıxmayacağı məlum oldu. Həmçinin Dryu Doberə qarşı döyüş də baş tutmadı.
İndi isə onu Bonfimlə döyüş gözləyir. Onların döyüşü əvvəlcə Las-Veqasdakı turnirdə ikinci ən vacib sayılsa da, indi statusuna görə üçüncü hesab edilir. Kelvin Kattar (ABŞ) - Yusif Cəlal (Mərakeş) görüşü onları qabaqlayıb. Əsas döyüş isə Cared Kannonier (ABŞ) və Qreqori Rodriges (Braziliya) arasında olacaq.

Təbii ki, Nazim böyük döyüşlər üçün darıxıb. Karyerasına nəzər salsaq, o, MMA-da debüt döyüşünü 2018-ci ilin noyabrında Xuan Qalarzaya qarşı keçirib. Bu qarşılaşmada elə ilk raundda məğlub olub.

Bundan sonra Sadıxov ardıcıl altı döyüşdə qalib gələrək "Dana White's Contender Series" yarışına qatılmaq imkanı qazanıb. Onda Ahmad Sohail Hassanzadanı üçüncü raundda nokaut edərək UFC ilə müqavilə imzalayıb.

Sadıxov UFC-də debütünü 2023-cü ilin fevralında Evan Elderə qarşı döyüşdə edib. Görüş üçüncü raundda texniki nokautla həmyerlimizin xeyrinə başa çatıb.

2023-cü ilin iyulunda isə o, "UFC on ESPN 49" turnirində Terrensa Makkinni ilə döyüşüb. Bu qarşılaşmada Sadıxov ikinci raundda boğma fəndi ilə qalib gəlib.

Nəhayət, həmin ilin noyabrında "UFC 295"də Vyaçeslav Borşevə qarşı döyüş olub. O, heç-heçə başa çatsa da, mövsümün ən baxımlı döyüşlərindən biri hesab olunub. Nəticələr açıqlandıqdan sonra rəqiblər elə oktaqonda ləzginka rəqsini oynayıblar.

Bonfimlə qarşıdakı döyüşə gəlincə, braziliyalı Sadıxovla görüşün favoriti hesab edilir. Lakin bu vəziyyət azərbaycanlı idmançı üçün hətta sərfəlidir - psixoloji təzyiq olmadan sakit hazırlaşmaq mümkündür.

Zəki Feyzullayev
İdman.biz

Seçilən
8
idman.biz

1Mənbələr