AZ

Ölkələr təşvişdə: Qitə sürətlə parçalanır

Afrika qitəsi əvvəllər düşünüldüyündən də sürətlə parçalanır. Elm adamları Efiopiya səhrasında 56 kilometr uzunluğunda çatın 2005-ci ildə başladığını və o vaxtdan bəri hər il bir santimetrdən çox sürətlə genişləndiyini bildiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “DailyMail” məlumat yayıb.

Tədqiqatçılar əvvəllər parçalanmanın on milyonlarla il çəkəcəyini düşünürdülər, amma ABŞ-nin Kaliforniya Universitetinin professoru Ken Makdonald bunun daha tez - bir-beş milyon il ərzində baş verəcəyini söyləyib.

Elm adamı qeyd edib ki, parçalanma Yer kürəsində yeni okean və qitə yaradacaq:

“Ola bilsin, Hind okeanının suları gəlib indiki Şərqi Afrika Rift Vadisini basacaq”.

Amerikalı alim əlavə edib ki, bölgəyə su axını davam edərsə, yeni okean Atlantik qədər dərinləşə bilər.

Çat Somali, Keniya, Tanzaniya və Efiopiyanın ortasından keçir, bu, Makdonalda görə, Nubiya adlanan yeni qitə yaradacaq.

Bu iki parça çox yavaş sürünsə də, professor Afrikanın nəhəng ölçüsünü nəzərə alaraq, bunun təsiredici olduğunu deyib. Bu bölgə bir-birindən aktiv şəkildə uzaqlaşan iki tektonik plitənin - Somali və Nubiyanın vətənidir. Bölünmə qitənin böyük göllərinin yerləşdiyi ən azı 22 milyon il əvvəl yaranmış 3200 km uzunluğunda olan Şərqi Afrika Rift Sistemindən qaynaqlanır. 2018-ci ildə Keniyada da güclü yağışlardan sonra çat yaranıb.

“Göllər Şərqi Afrika qitənin qalan hissəsindən ayrılanda yaranıb. Somali plitəsi daha da Şərqə doğru irəliləməyə davam edərək, nəhəng çat yaradır”, - elm adamları vurğulayıblar.

ABŞ-nin Yer Elmləri Departamentinin professoru Sara Stamps bildirib:

“Genişlənmə sürəti şimalda yüksək həddədir, ona görə də ilk olaraq orada yeni okeanın əmələ gəldiyini görəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
8
3
teleqraf.com

6Mənbələr