AZ

''Beşiktaş'' ''Fənərbaxça''lı futbolçudan vaz keçdi

''Beşiktaş''ın ''Fənərbaxça''lı Cengiz Ündərə ciddi maraq göstərdiyini xəbər vermişdik.

''Football-plus.az'' xəbər verir ki, bu keçid rəsmiləşmək üzrə olarkən bir andaca ''Qartal'' bu futbolçudan vaz keçdi! ''Ağ-qaralar'' 4 milyon avro qarşılığında Cengizi ilyarımlıq icarəyə götürmək niyyətində idilər. Klublar arasında anlaşmaya əsasən ''Beşiktaş'' ilyarım tamam olduqdan sonra Ündəri daimi əsasda transfer etmək istəsə, daha 6 milyon avro ödəməli olacaqdı. Eləcə də icarə müddətində 27 yaşlı vingerin illik 4,2 milyon avroya bərabər olan maaşı iki klub tərəfindən yarıbayarı ödənilməli idi. Amma son anda Cengiz ilə ''Beşiktaş'' arasında maaş baxımından anlaşmazlıq yaşandı. ''Fənərbaxça''da gününü ehtiyatda keçirən futbolçu bu şərtləri qəbul etməyərək sürpriz şəkildə ''Beşiktaş''dan daha çox pul tələb etdi.

''Beşiktaş'' rəhbərliyi zatən fanatların sosial şəbəkələrdəki etirazı üzündən bu transferin doğruluğuna əmin deyildi. Cengizin daha çox pul tələb etməsi isə onlar üçün sanki danışıqları dayandırmaq baxımından göydəndüşmə bir bəhanə oldu. Rəhbərlik dərhal danışıqları dayandıraraq bu futbolçudan vaz keçdi. Joze Mourinyonun planlarına daxil olmayan və ''Fənər''dən ayrılacağı gözlənilən Cengiz üçün indi yalnız ''Torino'' variantı real görünür. İtalyanlar bu futbolçunu 6 aylığa icarəyə götürmək istəyir.

Yeri gəlmişkən, ''Beşiktaş''ın Jan Onananı yenidən icarəyə verdiyini bildirək. Kamerunlu futbolçu ikinci dövrəni ''Cenoa''da keçirəcək. Bu məlumatı tanınmış insayder Canluka Di Marsio paylaşıb. Ötən mövsümün ikinci dövrəsini ''Marsel''də icarədə keçirən 25 yaşlı yarımmüdafiəçi bu mövsüm ''ağ-qaralar''da cəmi 6 rəsmi oyun keçirib.

ƏLİ

Seçilən
11
football-plus.az

1Mənbələr