AZ

RF XİN: Rusiyanın Suriyadakı hərbi bazalarının taleyi əlavə danışıqlarda həll ediləcək

Suriyadakı Rusiya hərbi bazalarının gələcəyi məsələsi əlavə danışıqlar tələb edir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

“Hələ heç nə dəyişməyib. Bu məsələ əlavə danışıqlar tələb edir. Biz əməkdaşlığımızın hər bir sahəsi üzrə daha dərindən məsləhətləşmələri davam etdirmək barədə razılığa gəldik”, - deyə Boqdanov bildirib.

Yanvarın 28-də Rusiya nümayəndə heyəti Dəməşqə səfər edib və Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şaraa ilə danışıqlar aparıb. Nümayəndə heyətinə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev daxil idi.

Bu, ötən ilin dekabrında Bəşər Əsədin devrilməsindən sonra Rusiya rəsmilərinin Suriyaya ilk səfəri olub.

Danışıqların əsas mövzusu Rusiya hərbi bazalarının Xmeymim və Tartusda gələcək mövcudluğunun müzakirəsi olub. Suriyanın yeni hakimiyyət orqanları dialoqa hazır olduqlarını bildiriblər, lakin Dəməşqin maraqları baxımından bəzi razılaşmalara yenidən baxılmasının vacibliyini vurğulayıblar.

Bundan əvvəl Suriyanın yeni rəhbərliyinin Tartus limanının idarə olunması üzrə Rusiya şirkəti ilə müqaviləyə xitam verdiyi bildirilirdi.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Suriya rəhbərliyi ilə təmasların davam etdirilməsinin vacibliyini qeyd edib.

Seçilən
3
1
yeniazerbaycan.com

2Mənbələr