"Coca-Cola" məhsulları marketlərdən yığışdırılır.
Tərkibində yüksək miqdarda xlorat miqdarına görə Belçika, Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından "Coca-Cola" məhsulları geri çağırılmağa başlanıb.
Qida təhlükəsizliyi hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Referans.az-a açıqlamasında bu məhsulun satışının Azərbaycanda da qadağan olunmasının mümkünlüyündən danışıb.
“Ümumiyyətlə, kola və digər qazlı içkilərin hazırlanmasında, onların tərkibində bir çox maddələr istifadə olunur ki, onlar bir çox hallarda həm mübahisəli maddələrdir, həm də uzun müddət istifadədən sonra sağlamlıq riskləri yarada bilər. Xüsusilə, şəkərin tərkibində həddindən artıq olması, fruktoza siropundan çox istifadə olunması orqanizmə həddindən artıq çox kalorinin qəbul olunması, piylənməyə, obeziteyə səbəb olur. Davamlı olaraq istifadə edən insanlarda şəkərli diabet, ürək damar xəstəlikləri riski daha da çoxalır. Bir çox hallarda dadlandırıcı olaraq qarğıdalı siropundan da istifadə edirlər. Bu da qatqı maddəsidir. Həmçinin bundan həddindən artıq istifadə edən insanlarda orqanizmdə daxili orqanların fəaliyyətinin pozulması halları baş verir. Eyni zamanda kolanın tərkibində kofeindən də istifadə olunur ki, bu da həddindən artıq istifadədə mərkəzi beyin sisteminin funksiyasının pozulmasına, narahatlığa, qorxulu yuxuların görülməsinə, hormonal balansın, iştahın pozulmasına, bəzən də həddindən artıq yemək yemə istəyinin olmasına gətirib çıxarır”.
Ekspert qeyd edib ki, qazlı işkilərin uzun müddət xarab olmadan qalmasının təmin etmək üçün tərkibinə fosfor turşusu da əlavə olunur. Bu da davamlı istifadədə insan orqanizmində ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə, sümük əriməsi, diş minasının çürüməsinə, oynaq xəstəliklərinə gətirib çıxarır.
“20-21 yaşa qədər insanlarda bu tip içkilər istifadə etdikdə inkişaf prosesi geri qalır, onların səhhətində bir çox sağlamlıq problemləri yaranır. Hətta onların gənc yaşda Alzaimerə tutulma riskləri belə var. Hər hansısa ölkədə satışının qadağan edilməsi ilə belə zərərli qidaların qəbulunun qarşısını təmamilə almaq mümkün deyil. Sadəcə sağlamlığına fikir verən insanlar özləri belə zərərli məhsullardan uzaq durmalıdırlar. Ən azından kola və bu qəbildən olan qazlı içkiləri gündəlik istifadə olunan məhsullar sırasına salmamalıdırlar”.
Fidan Vəlisoy