Ukraynalı politoloq: “Döyüş meydanındakı vəziyyət göstərir ki, tərəflər hələ danışıqlara başlamağa hazır deyil”
Rus politoloq: “Trampın təzyiqi və ya siyasi manevrləri Rusiyaya təsir göstərə bilməyəcək”
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukrayna ilə sülh danışıqları apara biləcəyini, lakin “qanunsuz” adlandırdığı Ukrayna Prezidenti Vladimir Zelenski ilə birbaşa görüşməkdən imtina etdiyini bildirib.
Zelenski isə Putinin danışıqlardan “qorxduğunu” və münaqişəni uzatmaq üçün “qeyri-qanuni hiylələrdən” istifadə etdiyini iddia edib.
Dünən axşam verdiyi açıqlamada Putin, “Zelenski danışıqlarda iştirak etmək istəsə, bunun üçün adamlar ayıracağam”, – deyərək Ukrayna liderini hərbi vəziyyət dövründə prezidentlik müddətinin başa çatdığı üçün “qanunsuz” hesab etdiyini vurğulayıb.
“Əgər danışıqlar aparmaq və kompromis əldə etmək istək varsa, qoy danışıqları hər kəs aparsın”, – Rusiya lideri qeyd edib. “Təbii ki, biz öz maraqlarımıza uyğun olanı əldə etməyə çalışacağıq”, – deyə əlavə edib.
Zelenski real sülhə nail olmaq imkanının olduğunu, lakin Putinin münaqişəni dayandırmaq səylərinə mane olduğunu bildirib.
“Bu gün Putin bir daha təsdiqlədi ki, o, danışıqlardan və güclü liderlərdən qorxur. O, müharibəni uzatmaq üçün əlindən gələni edir”, – Ukrayna Prezidenti X sosial media platformasında yazıb.
Putin həmçinin qeyd edib ki, əgər Qərb Kiyevə dəstəyini dayandırsa, münaqişə iki ay və ya daha qısa müddətdə bitəcək. Dövlət televiziyasına verdiyi açıqlamada o, “Əgər pul və sursatlar tükənsə, Ukrayna ordusu bir aya mövcud olmayacaq. Bir ay yarım və ya iki aya hər şey bitəcək”, – deyə vurğulayıb.
Sözügedən açıqlamaları "Sherg.az"a şərh edən Ukrayna Siyasi Elmlər Akademiyasının akademiki, professor Maksim Yali bildirib ki, Trampın Rusiyaya ciddi təzyiqləri var:
"Bu cür qarşılıqlı bəyanatlar ilk dəfə səsləndirilmir. Lakin tərəflərin real danışıqlara başlamaqdan hələ də uzaq olduğunu göstərən əsas amil cəbhədəki vəziyyətdir. Gün keçdikcə döyüş bölgəsində gərginlik artır. Ukrayna, Rusiya Federasiyasının neft-qaz infrastrukturu və neft anbarlarına uğurlu hücumlar təşkil edir. Bu isə göstərir ki, hər iki tərəf hələ də hərbi yolla qələbə qazana biləcəyinə inanır və danışıqlar masasında mövqelərini maksimum gücləndirməyə çalışır. Rusiyanın irəli sürdüyü sülh sazişi şərtləri Ukrayna üçün tamamilə qəbuledilməzdir. Bu şərtlərə əsasən, Ukrayna qoşunlarını geri çəkməli, Xerson və Zaporojye vilayətlərini, eləcə də Ukraynanın nəzarətində olan inzibati mərkəzləri Rusiyaya təhvil verməlidir. Hərbi və sənaye potensialını nəzərə alsaq, bu, Ukrayna üçün olduqca ağır şərtlərdir. Üstəlik, Rusiyanın son altı ayda əraziləri nəzarətə götürmə sürəti belə, yaxın perspektivdə bu məqsədlərə çatmağı mümkün etmir. Digər mühüm məqam isə Donald Trampın Rusiyaya qarşı təzyiq mexanizmlərindən istifadə edib-etməyəcəyidir. Xüsusilə, onun neftin qiymətini aşağı salmaq çağırışı ciddi təsir gücünə malikdir, çünki Rusiya iqtisadiyyatı artıq ciddi problemlərlə üzləşib. Lakin burada çoxlu naməlum faktor var və vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır. Tramp qərarlıdır – o, Ukrayna üzrə xüsusi nümayəndəsi Kellə 100 günlük müddət verib ki, danışıqlar başlasın və konkret nəticəyə gəlib çıxsın. Bu müddət danışıqların perspektivini müəyyənləşdirəcək. Ən vacib məqam isə şəxsi diplomatiyanın həlledici rolu olacaq. Tramp artıq Putinlə birbaşa danışıqlar aparmaq niyyətini bəyan edib və bunun üçün zəmin hazırlanır. Lakin döyüş meydanındakı vəziyyət göstərir ki, tərəflər hələ də danışıqlara başlamağa hazır deyil və mövqelərini maksimum gücləndirmək üçün hərbi əməliyyatları davam etdirirlər".
Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi rəhbəri, tarix elmləri namizədi Anton Bredixin Ukraynalı həmkarının əksinə Trampın təzyiqlərinin Rusiyaya təsir göstərə bilməyəcəyini hesab edir:
"Putin Zelenski ilə birbaşa danışıqların baş tutacağını düşünmür. Bunun əvəzinə, Rusiya, məsələn, Zelenski ilə danışıqlar aparmaq üçün Viktor Yanukoviçi göndərə bilər. O, hələ də Rusiyadadır və müəyyən dairələrdə Zelenskidən daha legitim fiqur kimi təqdim olunur. Buna görə də Moskva üçün belə bir variant məqbul görünə bilər. Hazırda tərəflər arasında birbaşa yüksək səviyyəli danışıqlar baş tutmur. Əsas müzakirələr daha aşağı səviyyədə, üçüncü və dördüncü dərəcəli rəsmilər arasında aparılır. Bu proses müxtəlif platformalarda, o cümlədən regional diplomatik kanallar vasitəsilə davam edir. Hərbi əməliyyatların zəiflədiyini demək olmaz. Əksinə, son günlər Ukrayna qüvvələrinin əks-hücum cəhdləri müşahidə edilib. Buna görə də nə hazırda, nə də yaz aylarında gərginliyin azalacağı gözlənilir. Sülh perspektivlərinə gəlincə, bu il müəyyən müzakirələr aparılsa da, münaqişənin həlli yalnız Moskvanın şərtləri əsasında mümkündür. ABŞ-ın keçmiş prezidenti Donald Trampın təzyiqi və ya siyasi manevrləri Rusiyaya təsir göstərə bilməyəcək".