ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazırlaşdığı bir zamanda bu iddia diqqət çəkir. Trampın müharibənin bitməsi üçün Putinlə razılıq əldə edəcəyi, onu Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar masasına gətirməyə çalışdığı deyilirdi. Lakin sözügedən iddia prosesə yanaşmanı tamamilə dəyişir.
Rusiyaya təzyiqlərin artması onun geri çəkilməsinə səbəb olacaq? Ağ Ev və Aİ-nin planı müharibəni dayandıra biləcəkmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, ABŞ-da respublikaçıların demokratlardan əsas fərqi, onların sərt gücdən istifadəyə üstünlük verməsidir:
"Sələfi Co Baydenin Donald Trampla əvəz olunmasının arxasında məhz bu məqam durur. Beləliklə rəsmi Vaşinqton xarici siyasətində öz geosiyasi maraqlarını təmin etmək üçün daha sərt addımlar atacaq. Nəticədə Rusiyaya təzyiqlərin sərtləşdirilməsi ehtimalı yüksədir. Bu o deməkdir ki, Ağ Evin artıq Yaxın Şərq, Cənubi Qafqaz və Şərqi Avropa regionları istiqamətində təzyiqləri bir-birini tamamlayaraq güclənəcək. Burada Trampın sülhpərəst obrazını yaratmaq isə yersizdir".
Ekspert bildirib ki, Rusiya bu addıma qarşılıq verəcək:
"Xüsusilə Şərqi Avropada Qərb-Rusiya qarşıdurması güclənə bilər. Bu mübarizənin nəticəsi sülhə deyil, əksinə yeni gərginliyə səbəb olacaq. Rusiyanın geri çəkilməsi də inandırıcı görünmür. Yəni Kreml nə Ukraynadan çəkiləcək, nə də geosiyasi mövqeyindən geri duracaq.
Fikrimcə, Avrasiyada Qərb-Rusiya gərginliyi artacaq. Qeyri-müəyyən situasiya daha da güclənəcək. Hətta artıq tərəfsiz və müstəqil ölkələr öz mövqeyini seçməyə, atacaqları addımları müəyyənləşdirməyə başlayıblar"