AZ

Prezident və ailə üzvləri hansı ali təhsil ocaqlarından məzun olub? – ADLAR

Bir ölkənin idarəçiliyində rol oynayan şəxslərlə bağlı məlumatlar hər zaman diqqət mərkəzindədir. Prezident və onun ailə üzvlərinin keçdiyi təhsil yolu isə ölkə siyasətinə və cəmiyyətin inkişafına təsir baxımından xüsusilə əhəmiyyətlidir. 

Tehsil.biz xəbər verir ki, sfera.az bu dəfə ölkə başçısı və ailə üzvlərinin təhsili ilə bağlı məlumatı təqdim edir:

Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyev – 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib. 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil alıb. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

Heydər Əliyevin həyat yoldaşı, professor, oftolmoloq Zərifə Əliyeva – 1932–1942-ci illərdə orta məktəbdə təhsil alıb. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında, az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıb.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev – 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə oxuyub. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva – 1981-ci ildə Bakı şəhər 23 nömrəli orta məktəbi qızıl medalla bitirib. Daha sonra Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.  1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.  1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. 2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva – 1961–1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsilini davam etdirib.  1977–1980-ci illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb, namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva – 1989–2000-ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra isə Avropa Biznes Məktəbinə (ESB) daxil olub. İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006–2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızı, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva – 1995–2006-cı illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində oxuyub. Daha sonralar isə İsveçrə və Böyük Britaniyada ali təhsil alıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev – Heydər Əliyev adına Müasir Təhsil Kompleksini qızıl medalla bitirib. 2017-ci ildə ADA Universitetindən bakalavr dərəcəsi ilə məzun olub. 

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın atası Arif Paşayev –  1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirib. 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. 1960–1964-cü illərdə Moskvada “QİREDMET” İnstitutunda aspirant olub, 1966-cı ildə isə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. 

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın anası Aida İmanquliyeva – Bakıda 132 saylı orta məktəbi qızıl medalla bitirib. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil aldıqdan sonra 1966-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib. 

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bacısı Nərgiz Paşayeva – 1968–1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olub.  1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildə əyani aspiranturaya qəbul olub və “Sabirin novatorluğu” adlı dissertasiya işini vaxtından əvvəl tamamlayaraq müvəffəqiyyətlə müdafiə edib. 23 sentyabr 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Həmçinin 2004-cü ildə “Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)” adlı doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə edib. 11 fevral 2005-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsinə, 30 mart 2005-ci ildə isə professor elmi adına layiq görülüb. 

 

 

Seçilən
3
4
tehsil.biz

3Mənbələr