Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.
Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur. Bələdiyyələrin səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq müəyyənləşdirir.
Yerli özünüidarəetmə orqanının səlahiyyətlərinə gəlincə:
– bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
– bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
– bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;
– yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;
– yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;
– bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
– yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;
– yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;
– yerli ekoloji proqramların qəbul və icra edilməsi.
Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Yerli özünüidarəetmə orqanı üzvlərinə verilmiş səlahiyyətlər bir neçə hallarda itirilə bilər:
– barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərar olduqda;
– fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
– Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;
– vəfat etdikdə;
– məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;
– bələdiyyə seçkisi zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə;
– öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
– bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
– qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda;
– altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;
– ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə.