AZ

Premyer Liqanın üz qaraldan əcnəbiləri - SİYAHI

Azərbaycan Premyer Liqasında ikinci yarı ötən həftə start götürdü.

Qış fasiləsinə kimi bir çox yeni əcnəbilərə tamaşa etdik.

Özünü yaxşı tərəfdən göstərənlər kimi, üz qaraldan transferlə də az olmadı.

Bu səbəbdən bəziləri ilə yarım ildən artıq yolların davam etdirilməsi məqsədə uyğun hesab edilmədi.

Qış fasiləsində, hətta ondan da erkən qapının göstərildiyi gəlmələrə şahid olduq.

Buna ziyanın yarısından geri qayıtmaq da deyə bilərik.

Əslində gözləntilərin altında qalan başqa millətin nümayəndələri çoxdur. Ölkəmizə niyə gətirildikləri sual olaraq qalır. Legioner gərək yerlidən iki bas üstün olsun. Amma bəziləri heç yerli qədər komandasına fayda vermir. "Yoxa lənət deyib" oynadılanları da az deyil.

Çünki yüksək əməkhaqqı aldıqları üçün müqavilələrinə xitam verilməsinə qarşıdırlar.

Biz isə bu dəfə sizə yararsız hesab edilib, müqaviləsinə xitam verilənləri təqdim edirik.

Slavis Radoviç - Ötən ilin iyulunda təmsilçimizə qoşulan serbiyalı cəmi 2 ay sonra yola salındı. 31 yaşlı müdafiəçi "Sumqayıt" forması ilə Premyer Liqada keçirdiyi 4 matçda nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalmayıb.

Fernando Medeiros - Yayda "kimyaçılar"a qoşulan braziliyalı bir neçə həftə əvvəl yola salındı. Bu mövsüm 5 matçda meydana çıxan orta sahə oyunçusu 1 qolla yadda qalıb.

Conatan Benteke - Yay fasiləsində "Şamaxı"nın ilk transferlərindən biri olan Benteke kifayət qədər oynamaq fürsəti alsa da ümidləri doğrulda bilmədi. 29 yaşlı forvard meydana çıxdığı 16 matçda adına nəinki qol, heç məhsuldar ötürmə də yazdıra bilmədi. Belədə qış fasiləsində belçikalı legionerlə yolların ayrılması qərara alındı.

Keverton Resende - Ötən ilin avqustunda "Kəpəz"ə qoşulan braziliyalı yarımmüdafiəçi də Radoviç kimi iki ay sonra yararsız olduğu üçün yollar ayrılıb. 23 yaşlı cənubi amerikalı Qərb təmsilçisinin formasında 2 oyunda meydana çıxmağa macal tapıb.

Redon Mihana - Yenə "Kəpəz", yenə lazımsız bir ad. Qərb təmsilçisi yayda heyətə cəlb etdiyi albaniyalıdan uzun müddətdir canını qurtarmağa çalışır. Amma iki aydan artıqdır əvəzedici komandada çıxış edən vinger təzminatsız getməyə razılıq vermirdi. Nəhayət, qış fasiləsində onu müqaviləyə xitam verməyə razı salmaq mümkün oldu.

Lassana Ndiaye - "Kəpəz" yayda heyətinə qatdığı malili forvardla uzun sürən danışıqlardan sonra bir neçə gün əvvəl ayrılıq üçün dil tapa bildi. Müqaviləsinə erkən xitam verilən 24 yaşlı afrikalı mövsümün birinci yarısında meydana çıxdığı 13 matçda 1 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
1
sportinfo.az

1Mənbələr