Xəbər verdiyimiz kimi, "Sabah" heyətinə yeni futbolçu cəlb edib.
Sportinfo.az xəbər verir ki, bu, özbəkistanlı 21 yaşlı dayaq yarımmüdafiəçisi Umarali Raxmonaliyevdir.
O, "Rubin"dən transfer olunub.
Müqaviləyə əsasən, Raxmonaliyev icarə əsasında "Sabah"ın uğurları üçün çalışacaq. İcarə müqaviləsinin müddəti 1 ildir.
Umarali karyerası ərzində “Rubin”dən başqa Özbəkistanın “Bunyodkor” komandasında da çıxış edib. 21 yaşlı yarımmüdafiəçi Özbəkistanın U-23 millisinin üzvüdür. O, yığmada 16 oyun keçirib, 3 qol vurub.
Umarali Raxmonaliyev 2023-cü ildən "Rubin"də çıxış edib. Gənc futbolçu bu mövsüm "Rubin"də 7 oyuna çıxıb və 1 qol ötürməsi edib.
Umarali Raxmonaliyevin transferi ilə bağlı detallar ortaya çıxıb.
Rusiyanın “Bisnes Onlayn Sport” nəşrinin yazdığına görə, futbolçu ilə Avstraliya, Türkiyə və Özbəkistan klubları da maraqlanıb.
İnsayderlər yazıblar ki, Avstraliyanın “Vestern Sidney Uonderers” və Özbəkistanın “Novbaxor” kubları Raxmonaliyevlə müqavilə imzalamaq istəyib.
Futbolçu özü isə Türkiyəyə getmək istəyib. Çünki qarşısına Avropa ölkələrindən birində çıxış etmək hədəfi qoyub. Yekunda isə o, “Sabah”a keçib.
İnsayder İvan Karpovun yazdığına görə. “Sabah” Raxmonaliyevi 200 min avro təzminat müqabilində birdəfəlik almaq istəyib.
Lakin “Rubin” onu sadəcə 1 illik icarəyə verməyə razılaşıb. Bildirilir ki, icarə müqaviləsi başa çatandan sonra “Sabah”ın adıçəkilən oyunçunu 360 min avroya almaq hüququ var.
Onun “Rubin”lə müqaviləsi isə 2026-cı ilin yayında başa çatır.