"Azersun Holding" MMC-nin Müşahidə Şurasının yanvarın 18-də vəfat edən sədri Abdolbari Gozalı oğlu Əhməd Gozal əvəzləyəcək.
FED.az xəbər verir ki, şirkət daxilində Ə.Gozalın Müşahidə Şurasının yeni sədri olacağı dəqiqləşib.
Holdinq isə hələlik bununla bağlı rəsmi qərarını açıqlamayıb.
Qeyd edək ki, "Azersun Holding" MMC-nin Müşahidə Şurasının üzvü olan Ə.Gozal "Azərbaycan Sənaye Bankı"nın rəhbəridir. O, bankın Müşahidə Şurasının Korporativ İdarəetmə Komitəsinin sədri vəzifəsini tutur.
Məlumata görə, Abdulbari Gozal uzun müddət əvvəl rəhbəri olduğu şirkətin idarəçiliyini oğluna təhvil verməyə başlayıb. Əhməd Gozal son aylarda "Azersun Holding"in idarəçiliyində fəal iştirak edib.
Qanunvericiliyə əsasən, Müşahidə Şurasının tərkibi və ona edilən dəyişikliklər şirkətin təsis sənədində və ya nizamnaməsində müəyyən edilmiş qaydada təsdiqlənir. Müşahidə Şurasının sədri olmadıqda onun funksiyalarını sədr müavini və ya sədri əvəz edən digər şəxs həyata keçirir. Müşahidə Şurasının iclası isə üç ayda bir dəfədən az olmayaraq keçirilir. İclasın çağırılması ilə bağlı qərarı sədr, o olmadıqda sədr müavini verir.
Xatırladaq ki, "Azersun Holding" qida, qeyri-qida, kənd təsərrüfatı, təhsil, logistika, inşaat, idman və maliyyə sektorunda fəaliyyət göstərir. Şirkətin, eləcə də törəmə müəssisələrinin 2023-cü il üzrə maliyyə vəziyyəti haqqında hesabata əsasən, cəmi aktivləri 1 milyard 71 milyon 600 min 612 manat, cəmi öhdəlikləri 4 338 361 manat təşkil edib. Hesabat dövründə holdinqin cəmi kapitalı 637 764,479 milyon manat olub.
2023-cü ildə "Azersun Holding" 1 810 868,4 manat gəlir əldə edib. İl üzrə mənfəəti 58 312 392 manat olub.
Şirkətin nizamnamə kapitalı 127 milyon 626 min 667 manatdır. Holdinqin baş icraçı direktoru Savaş Uzan Mehmetdir. (Teleqraf.com)