Dünyada "Arabika" qəhvəsinin qiyməti çərşənbə günü rekord həddə – 1 funt üçün 3,60 dolları ötüb.
Valyuta.Az xəbər verir ki, buna əsas səbəb kimi dünyada ən böyük istehsalçı olan Braziliyada satışa çıxarıla biləcək qəhvə ehtiyatlarının azalması və qarşıdakı məhsul yığımı ilə bağlı narahatlıqların davam etməsi göstərilir.
Satıcıların bildirdiyinə görə, Braziliyanın cari "Arabika" məhsulunun 70-80%-i artıq satılıb və yeni ticarət sövdələşmələri ləng gedir.
Qeyd edək ki, Braziliya dünyadakı "Arabika" qəhvəsinin təxminən yarısını istehsal edir. Bu qəhvə növü əsasən yüksək keyfiyyətli qovrulmuş və üyüdülmüş qarışıqlarda istifadə olunur.
Ölkədə ötən il baş verən ciddi quraqlıqdan sonra hava şəraiti daha əlverişli olub. Bununla belə, Braziliyanın qida təminatı agentliyi "Conab"ın məlumatına görə, qarşıdakı məhsul ötən illə müqayisədə 4,4% az olacaq.
Qlobal bazarda vəziyyət gərgin olaraq qalır
“Qlobal qəhvə ehtiyatları məhdud olaraq qalır. Vyetnam öz "Robusta" məhsulunu ləng satır, Mərkəzi Amerika və Kolumbiyada yığılan "Arabika"nın bazara çıxması gecikir. Braziliyalı fermerlər isə satışa daha çox maraq göstərmirlər”, - deyə "HedgePoint Global Markets" broker şirkəti çərşənbə günü açıqlama verib.
Dünya üzrə fiziki qəhvə ticarətində əsas göstərici kimi istifadə olunan "ICE" birjasında "Arabika" qəhvəsi fyuçerslərinin qiyməti gün ərzində 1 funt üçün 3,6945 dollara qədər yüksəlib və bununla da ilin əvvəlindən bəri təxminən 15% artım qeydə alınıb. Daha sonra fyuçerslər 2,5% bahalaşaraq 1 funt üçün 3,6655 dollardan bağlanıb.
Adətən instant qəhvə istehsalında istifadə olunan və daha ucuz sayılan "Robusta" qəhvəsinin qiyməti isə 0,9% bahalaşaraq metrik ton üçün 5 609 dollara çatıb.
Dünyanın beşinci ən böyük "Robusta" istehsalçısı olan Hindistandan qəhvə ixracının 2025-ci ildə 10%-dən çox azalacağı gözlənilir. Buna səbəb istehsalın azalması və keçən mövsümdən qalan ehtiyatların tükənməsidir.
Satıcıların sözlərinə görə, Hindistan və Vyetnamdakı fermerlər qiymətlərin daha da artacağı ümidi ilə satışları ləngidirlər. Braziliyada isə cari məhsulun 80-90%-i artıq satılıb.
Rəhim