Türkiyənin “TV100” kanalının aparıcısı Kübra Par efirdə etdiyi qeyri-etik əl hərəkətinə görə üzr istəyib.
“Qafqazinfo” xəbər verir ki, o, canlı efirdə bununla bağlı açıqlama verib.
“Bu gün mənim üçün ağır gündür. Bir jurnalist kimi yox, ailənizin bir üzvü kimi verilişimizə üzrxahlıqla başlamaq istəyirəm. Efir bitdiyi zaman çox böyük səhv etdim. Dünən çox utandım. Canlı yayımlar zamanı çox diqqətli davranmaq məcburiyyətindəyəm, illərimi həsr etdiyim peşəmdə hər zaman bu şüurla hərəkət etməyə çalışmışam. Lakin elə bildim ki, yayımdan çıxmışıq, kamera artıq məni çəkmir”, - K.Par vurğulayıb.
Aparıcı bildirib ki, onun bu hərəkəti etməsinə səbəb rejissorla zarafatı olub: “Rejissorumuz qulağıma efir bitəndən sonra bir söz dedi, onunla daha öncə mərc etmişdik. Mənim dediyim olduğu üçün ona yersiz bir hərəkət etdim. Özümə heç yaraşmayan bir davranış idi. Yəni, bu hərəkətimin dünən gedən xəbərlərlə və gündəmlə heç bir əlaqəsi yox idi. Jurnalistikanın təməl prinsiplərinə əməl etməliyik. İllərdir məni izləyirsiniz. Sizdən və bu yayımda əməyi olan bütün komanda yoldaşlarımdan səmimi qəlbdən üzr istəyirəm”.