AZ

Azərbaycanda dənizçilərin yekun imtahanları Dövlət Agentliyində keçiriləcək

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) aparılan islahatların tərkib hissəsi olaraq xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi, yenilənməsi, eləcə də sıravi heyət hazırlığı üzrə yekun imtahanlar mərkəzləşdirilmiş qaydada Agentlikdə keçiriləcək.

“Report” Agentliyə istinadən xəbər verir ki, sıravi heyət hazırlığı üzrə yekun imtahanlar fevralın 5-də, xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi və yenilənməsi üzrə imtahanlar isə martdan Agentlikdə təşkil olunacaq.

“Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın (DHDNÇ) A-I/11-ci bölməsinin 1-ci və 3-cü bəndlərinin tələblərinə uyğun olaraq dənizçilərin xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi, əvvəlki prosedurlarından fərqli olaraq, təlimlərə qatılmadan birbaşa Agentlik tərəfindən təşkil edilən imtahanda iştirak etməklə həyata keçiriləcək.

Xüsusi hazırlıq şəhadətnamələri və sıravi heyət hazırlığı üzrə biliklərin yekun qiymətləndirilməsi “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın (DHDNÇ) I/8-ci qaydasına uyğun olaraq “Dənizçilərin biliyinin qiymətləndirilməsi” haqqında keyfiyyətin idarə olunması sisteminə uyğun aparılacaq.

“Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın və BDT-nin müvafiq model kurslarının tələblərinə uyğun tədris prosesini keçməyən müdavimlər və dinləyicilər imtahana buraxılmayacaqlar.

Dənizçilər qeyd olunan yeniliklərlə bağlı Agentliyin Çağrı mərkəzinə ((012) 497 44 05) zəng etməklə, eləcə də [email protected] e-poçt ünvanına müraciət göndərməklə ətraflı məlumat əldə edə bilərlər.

Yeni qaydaların tətbiqi ilə dənizçilik sahəsindəki fəaliyyətlərin effektivliyinin artırılması, xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi, yenilənməsi prosesinin daha sürətli və səmərəli təşkili, şəffaflığın təmin edilməsi, həmçinin təlim-tədris mərkəzlərinin rəqabət qabiliyyətlərinin artırılması ilə dənizçilərin hazırlıq səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur.

Seçilən
2
3
report.az

6Mənbələr